Məlumdur ki, son illər dünyada artan geosiyasi kataklizmlər qlobal miqyasda ciddi problemlər yaradıb. Bu proseslər bütün ölkələrə və müxtəlif sahələrə, xüsusilə iqtisadiyyata ciddi təsir göstərir. Koronavirus pandemiyasından sonra logistika kanalları və təchizat zəncirinin tam bərpa olunmaması, eləcə də iqlim dəyişikliklərinin yaratdığı fəsadlar ərzaq təhlükəsizliyinə mənfi təsir göstərərək qiymət artımını sürətləndirib. Bütün bu çağırışlara, ölkəmizin mürəkkəb geosiyasi mövqeyinə və regionda davam edən münaqişələrə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi sabitliyin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət milli iqtisadiyyatın dayanıqlı inkişafının əsas təminatçılarından biridir. Azərbaycanda mövcud olan siyasi, iqtisadi və sosial sabitlik ölkənin davamlı inkişafının əsasını təşkil edir. Bu amillər beynəlxalq nüfuzun möhkəmlənməsinə və vətəndaşların rifahının yüksəlməsinə xidmət edir. İctimai-siyasi sabitlik dövlətin daxili və xarici siyasətinin uğurunu təmin etməklə yanaşı, ərazi bütövlüyünün bərpasında, milli birliyin möhkəmlənməsində, beynəlxalq əməkdaşlığın genişlənməsində və regional sülh təşəbbüslərinin irəlilədilməsində mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji kurs milli maraqları, xüsusilə də ölkəni qlobal və regional geosiyasi risklərdən qoruyaraq onu “dünyanın sabitlik adası”na çevirir. Məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişaf modeli şaxələndirmə və makroiqtisadi sabitlik üzərində qurulub. Mədən sənayesi (neft-qaz sektoru) ilə yanaşı, yaşıl və bərpaolunan enerjinin, qeyri-neft sektorunun inkişafı, şaxələndirilmiş yeni nəqliyyat-loqistika layihələrinin həyata keçirilməsi, regionların tarazlı tərəqqisi və biznes mühitinin yaxşılaşdırılması iqtisadiyyatın rəqabət qabiliyyətini artırır. Eyni zamanda, xarici dövlət borcunun aşağı səviyyədə saxlanılması maliyyə dayanıqlığını təmin edir və ölkənin xarici investisiyalar üçün cəlbediciliyini yüksəldir. Ölkənin iqtisadi siyasəti və inkişaf hədəfləri haqqında ətraflı məlumat “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində də öz əksini tapıb.
“Siyasi və iqtisadi sabitliyin əldə olunmasında əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının yüksək səviyyədə təmin edilməsidir. Son illər ərzində ölkədə ümumi daxili məhsulun (ÜDM) həcmində də nəzərəçarpan dərəcədə artım müşahidə edilir. Azərbaycanın iqtisadi yüksəlişinin təmin olunmasında milli iqtisadiyyatın liberallaşdırılması, investisiya mühitinin sağlamlaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması və bütövlükdə şəffaflaşma prosesinin sürətlənməsi əhəmiyyətli rol oynayır. Bütün bunlar davamlı iqtisadi inkişaf və maliyyə nizam-intizamı üçün ciddi zəmin formalaşdırır ki, bu da nəticə etibarilə ölkənin xarici şoklara qarşı müqavimətini əhəmiyyətli dərəcədə artırır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə bu gün irimiqyaslı quruculuq işləri sürətlə davam etdirilir. Artıq yüksək meqavat gücündə onlarla su-elektrik stansiyası, elektrik yarımstansiyaları inşa edilib, yüzlərlə kilometr uzunluğunda dəmir yolları, beynəlxalq hava limanları, çoxsaylı tunellər, o cümlədən Zəfər yolu istismara verilmişdir. Bununla yanaşı, hazırda fasiləsiz olaraq infrastruktur layihələri icra edilir, sosial obyektlər tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” strategiyaları reallaşdırılır”, – deyə deputat əlavə edib.
M.İbrahimqızı bildirib ki, müvafiq infrastrukturun mövcudluğu həmin ərazilərin iqtisadi potensialının tam şəkildə reallaşdırılmasının əsas faktorlarından biridir. Müasir suvarma sistemlərinin qurulması münbit torpaqlara malik olan həmin ərazilərin kənd təsərrüfatı imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır. Bu isə, öz növbəsində, heyvandarlığın, quşçuluğun və meyvə-tərəvəzçiliyin inkişafını stimullaşdıracaq. Lakin bütün bu proseslər külli miqdarda vəsaitlərin yatırılması hesabına başa gəlir və bu gün Azərbaycan faktiki olaraq bu maliyyə yükünü təkbaşına daşıyır.
“Daha dəqiq desək, müharibənin başa çatmasından ötən dövr ərzində beynəlxalq təşkilatlar, böyük fondlar və xeyriyyə təşkilatları Azərbaycana hər hansı bir yardım göstərməyib. Hansı ki, hazırda bütün dünya Ukraynaya misli görünməmiş dərəcədə dəstək nümayiş etdirir və müharibədən sonrakı bərpa planlarını hazırlayır. Azərbaycana münasibətdə isə ötən dövrlərdə olduğu kimi, indi də ikili standartların şahidi oluruq. Halbuki, Azərbaycan bu gün Avropanın əsas enerji təminatçılarından biridir. Neft-qaz ölkəsi kimi Azərbaycanın mövcud durumda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlib. Avropalı tərəfdaşlarımız ölkəmizin ictimaiyyətində özünə ciddi nüfuz qazanmaq istəyirlərsə, işğaldan azad olunmuş torpaqların bərpası ilə bağlı icra edilən proqram və layihələrə real dəstək nümayiş etdirməlidirlər”, – deyə Milli Məclisin deputatı vurğulayıb.
