44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi müasir dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Bu Zəfər ölkəmizin hərbi qüdrətini, siyasi iradəsini və xalq-ordu birliyini bütün dünyaya nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar formalaşdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.
Komitə sədri bildirib ki, Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğal altında qalmasına baxmayaraq, öz haqq mübarizəsindən geri çəkilmədi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordunun yaradılması, müdafiə sənayesinin inkişaf etdirilməsi və uğurlu xarici siyasət nəticəsində ölkəmiz tarixi ədaləti bərpa etmək üçün zəruri siyasi, iqtisadi və hərbi potensial qazandı.
Onun sözlərinə görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü Silahlı Qüvvələrindən birinə çevrildi. Ordunun müasir silah və texnika ilə təchiz olunması, şəxsi heyətin peşəkarlığının artırılması, hərbi təlimlərin intensivləşdirilməsi və döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsas amillərindən biri oldu.
Arzu Nağıyev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi cəmi 44 gün davam etsə də, nəticələri baxımından əsrlər boyu xatırlanacaq tarixi hadisəyə çevrildi. Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut qəsəbəsini, Suqovuşanı və yüzlərlə kəndi işğaldan azad etdi, strateji yüksəkliklərə nəzarəti bərpa etdi. Şuşanın azad olunması isə müharibənin taleyini həll edən ən mühüm hərbi-siyasi hadisə kimi tarixə düşdü.
Deputat bildirib ki, Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biridir. Çətin relyef və əlverişsiz təbii şəraitə baxmayaraq, xüsusi təyinatlı qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, cəsarət və fədakarlıq nəticəsində şəhər işğaldan azad edildi. Bu Qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Komitə sədri vurğulayıb ki, Vətən müharibəsində qazanılmış Zəfər təkcə döyüş meydanında əldə edilən uğur deyildi. Eyni zamanda, Azərbaycanın diplomatik müstəvidə apardığı uğurlu siyasət, beynəlxalq hüquqa söykənən mövqeyi və informasiya məkanında həyata keçirilən məqsədyönlü fəaliyyət də Qələbənin mühüm tərkib hissəsi idi. Müharibə dövründə dövlət başçısının xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
Arzu Nağıyev qeyd edib ki, Vətən müharibəsi dövründə xalq, dövlət və ordu birliyi ən yüksək səviyyədə özünü göstərdi. Azərbaycan cəmiyyətinin bütün təbəqələri vahid amal ətrafında birləşdi, Silahlı Qüvvələrə mənəvi dəstək nümayiş etdirdi. Bu həmrəylik ölkənin gücünün və milli birliyinin ən parlaq təzahürünə çevrildi.
Deputat deyib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsini beynəlxalq səviyyədə təsdiqlədi. Bununla işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi və regionda yeni əməkdaşlıq imkanları yarandı.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanın suverenliyinin tam təmin olunması istiqamətində növbəti mühüm mərhələ 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ölkənin bütün ərazisində konstitusiya quruluşu tam bərpa olundu və Azərbaycan dövlət suverenliyini tam şəkildə təmin etdi.
Arzu Nağıyev vurğulayıb ki, bu hadisələr beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirildi və Azərbaycanın öz suveren hüquqlarını qətiyyətlə müdafiə etdiyini bir daha nümayiş etdirdi. Bu gün ölkənin bütün ərazisində Azərbaycan qanunları qüvvədədir, dövlət institutları tam fəaliyyət göstərir və vahid idarəetmə sistemi təmin olunub.
Deputat diqqətə çatdırıb ki, tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarda misli görünməmiş quruculuq prosesi həyata keçirilir. Yeni avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və sənaye müəssisələri inşa olunur. Qarabağ və Şərqi Zəngəzur ölkənin ən böyük tikinti meydanına çevrilib.
Onun sözlərinə görə, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri işğaldan azad olunmuş ərazilərin müasir standartlara uyğun inkişafına xidmət edir. Alternativ enerji layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatının və turizmin inkişafı bölgənin iqtisadi potensialının tam reallaşdırılması üçün geniş imkanlar yaradır.
Arzu Nağıyev bildirib ki, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı davam edir. İnsanların uzun illərdən sonra öz doğma yurdlarında yenidən məskunlaşması dövlətin sosial siyasətinin ən mühüm istiqamətlərindən biridir və tarixi ədalətin tam bərpasının göstəricisidir.
Komitə sədri qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə də sülh gündəliyinə sadiq qalır. Ölkəmiz regionda dayanıqlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Yeni nəqliyyat dəhlizlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması Cənubi Qafqazın inkişafına mühüm töhfə verə bilər.
Deputat vurğulayıb ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi daim ehtiramla yad edilir, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, müharibə iştirakçılarının və qazilərin rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Arzu Nağıyev əlavə edib ki, tarixi Qələbə Azərbaycan gənclərində vətənpərvərlik hissini daha da gücləndirib, milli həmrəyliyi möhkəmləndirib və dövlətçilik ənənələrinin inkişafına yeni təkan verib. Bu Zəfər gələcək nəsillər üçün müstəqilliyin, milli birliyin və dövlət maraqlarının qorunmasının ən parlaq nümunəsi olaraq qalacaq.
“44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və sonrakı mərhələdə ölkəmizin tam suverenliyinin bərpa edilməsi Azərbaycanın güclü dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyətlər xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir. Qarşıdakı dövrdə də bu uğurlar Azərbaycanın davamlı inkişafına, regional əməkdaşlığın genişlənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcək”, – deyə Arzu Nağıyev vurğulayıb.
