Son illərdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən amillər sırasında rəqəmsallaşmanın ön plana çıxması bütün dünyada qəbul edilən həqiqətdir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və süni intellektin yaratdığı imkanlar cəmiyyət həyatının bütün sahələrində yeni yanaşmalar formalaşdırıb. Reallıq da ondan ibarətdir ki, rəqəmsal transformasiyanı uğurla həyata keçirən ölkələr daha yüksək iqtisadi artım tempinə, daha rəqabətqabiliyyətli və əlverişli biznes mühitinə, eləcə də daha çevik idarəetmə sisteminə malik olurlar.
Respublikamız özünün inkişaf prioritetlərində qlobal çağırışları və tendensiyaları əsas götürür. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin yanvar ayında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, dekabr ayında isə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi, idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi məqsədilə həyata keçirilən tədbirlər, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və digər bu kimi tədbirlər göstərir ki, ölkəmizdə rəqəmsal keçidlə bağlı qlobal çağırışlar zamanında dəyərləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirənin keçirilməsi, dövlətimizin başçısının müvafiq fərmanları ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi və Rəqəmsal İnkişaf Şurasının yaradılması göstərdi ki, artıq rəqəmsal transformasiya Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Rəqəmsal İnkişaf Şurasının sədri vəzifəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təsdiq edilməsi isə ondan xəbər verir ki, rəqəmsal inkişafla bağlı məsələlər birbaşa ölkə rəhbərliyi səviyyəsində diqqət mərkəzində olacaq.
“Fəaliyyət Planı qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyənləşdirir. Plan rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulub və bu sahələrdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası isə bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiyaəsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir. Fəaliyyət Planının icrası Şuranın əsas fəaliyyət istiqamətidir.

İyunun 29-da Birinci vitse-prezidentin sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da göstərdi ki, Azərbaycanın həyata keçirdiyi sürətli rəqəmsal transformasiya siyasəti keyfiyyətcə yeni mərhələyə daxil olub. İclasda müzakirə olunan məsələlər bir daha göstərdi ki, respublikamızda rəqəmsallaşma ilə bağlı prioritetlər, sadəcə, texnoloji yenilənmədən ibarət deyil. Məqsəd yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”, – deyə Xanlar Fətiyev bildirib.
Azərbaycanda rəqəmsallaşma dayanıqlı inkişafın təmin olunmasına xidmət edir
O hesab edir ki, rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. Bu yanaşma çərçivəsində bəzi xidmətlər, məsələn yaşa görə əmək pensiyasının, uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək.
Təhsil sahəsinin rəqəmsallaşdırılmasının da diqqət mərkəzində olduğunu deyən X.Fətiyev əlavə edib: “Hazırda ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Bütün təhsil pillələri üzrə məlumatlar tam rəqəmsallaşdırılıb. 2015–2025-ci illər ərzində ali təhsil müəssisələrində informasiya texnologiyaları ixtisaslarına qəbul 5 dəfə artıb. Orta məktəblərdə isə “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri uğurla həyata keçirilir. 900 mindən çox istifadəçini əhatə edən “Rəqəmsal məktəb” platforması şagirdləri, müəllimləri, məktəb rəhbərliyini və valideynləri vahid mühitdə birləşdirir. Qarşıdakı dövrdə isə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulur. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdir.
Göründüyü kimi, ölkəmizdə rəqəmsallaşma sahəsində qarşıya qoyulan məqsədlər və müəyyənləşdirilən vəzifələr olduqca genişmiqyaslı və kompleks xarakter daşıyır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan dövləti rəqəmsallaşmanı dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edən strateji dövlət siyasəti kimi həyata keçirir. Bu siyasətin əsas məqsədi Azərbaycanı rəqəmsal transformasiya sahəsində regionun lider dövlətinə çevirmək, qlobal miqyasda isə innovativ və yüksək rəqabətqabiliyyətli ölkələr sırasında mövqeyini daha da möhkəmləndirməkdir”.
