Bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov deyib.
O bildirib ki, son illərdə Azərbaycan həm hərbi-siyasi, həm diplomatik, həm də sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlər əldə edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətin milli maraqlara əsaslanan siyasəti, beynəlxalq münasibətlər sistemində artan nüfuzu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar və sosial rifahın yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar cəmiyyətin dövlət siyasətinə münasibətində də öz əksini tapır. Bu baxımdan ictimai rəy sorğularının nəticələri yalnız statistik göstəricilər deyil, eyni zamanda, ölkədə formalaşmış ictimai-siyasi mühitin obyektiv mənzərəsini əks etdirən mühüm indikator kimi çıxış edir. Medianın İnkişafı Agentliyinin (MEDİA) 2026-cı ilin may-iyun aylarında keçirdiyi genişmiqyaslı ictimai rəy sorğusunun nəticələri də bu reallığı aydın şəkildə nümayiş etdirir. Sorğunun nəticələrinə əsasən, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini bildirib. Eyni zamanda, iştirakçıların 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirib, 81,9 faizi isə Prezident İlham Əliyevi ölkənin alternativsiz siyasi lideri hesab etdiyini ifadə edib. Bu göstəricilər təsadüfi rəqəmlər deyil. Onlar Azərbaycan cəmiyyətində son illər formalaşmış siyasi sabitliyin, milli həmrəyliyin və həyata keçirilən dövlət siyasətinə olan ictimai dəstəyin konkret ifadəsi kimi qiymətləndirilə bilər. Xüsusilə postmüharibə dövründə ölkənin qarşısında duran mürəkkəb vəzifələrin uğurla icrası, genişmiqyaslı bərpa-quruculuq proqramlarının həyata keçirilməsi, iqtisadi islahatların davam etdirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi ictimai etimadın möhkəmlənməsində həlledici rol oynayıb.
C.Canməmmədov qeyd edib ki, Prezident İlham Əliyevin yüksək etimad qazanmasının əsas səbəblərindən biri onun həyata keçirdiyi siyasətin ardıcıllığı, praqmatikliyi və uzunmüddətli strateji hədəflərə əsaslanmasıdır. Ölkə başçısının fəaliyyətində milli maraqların qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi əsas prioritetlər kimi çıxış edir. Bu yanaşma cəmiyyət tərəfindən ölkənin milli maraqlarına xidmət edən məsuliyyətli dövlət idarəçiliyi modeli kimi qəbul olunur. Azərbaycanın son illərdə qazandığı uğurlar göstərir ki, güclü siyasi iradə, məqsədyönlü idarəçilik və strateji baxış ölkənin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevə olan yüksək ictimai etimad təkcə fərdi liderlik keyfiyyətlərinin deyil, həm də dövlət siyasətinin nəticələrinin və cəmiyyətin həmin siyasətə verdiyi obyektiv qiymətin göstəricisi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevə yüksək ictimai etimadın formalaşmasını şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində həyata keçirilən qətiyyətli siyasətdir. Son illər ölkənin keçdiyi mürəkkəb tarixi mərhələ göstərdi ki, milli maraqlara söykənən ardıcıl dövlət strategiyası yalnız hərbi Qələbənin əldə olunmasını deyil, eyni zamanda uzunmüddətli sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsini də mümkün edir: “2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan dövlətçiliyinin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu Qələbə təkcə uzun illər davam edən işğala son qoymadı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin bərpasını təmin edən mühüm siyasi hadisə kimi tarixə düşdü. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, müasir döyüş hazırlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində ölkənin ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi. Bununla da uzun illər regionun inkişafına maneə yaradan hüquqi və siyasi qeyri-müəyyənlik aradan qaldırıldı, yeni inkişaf mərhələsinin əsasları formalaşdırıldı. Dövlət suverenliyinin tam bərpası yalnız Azərbaycanın milli təhlükəsizlik sistemini möhkəmləndirmədi, eyni zamanda, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı.
Deputat deyib ki, qazanılmış hərbi-siyasi uğurların ən mühüm xüsusiyyətlərindən biri onların qısa müddət ərzində genişmiqyaslı bərpa və quruculuq proqramları ilə əvəz olunmasıdır. Müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən biri hesab olunan “münaqişədən inkişafa keçid” modeli Azərbaycanda praktik şəkildə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri təkcə dağıdılmış yaşayış məntəqələrinin yenidən inşasını deyil, tamamilə yeni sosial-iqtisadi inkişaf modelinin qurulmasını nəzərdə tutur. Füzuli, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın və digər yaşayış məntəqələrində müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış kompleksləri, inzibati binalar, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və sənaye obyektləri inşa edilir. Yeni avtomobil yolları, dəmir yolu xətləri, beynəlxalq hava limanları, enerji və rabitə infrastrukturu bölgənin iqtisadi potensialının tam reallaşdırılmasına xidmət edir.
“Bu layihələrin əsas məqsədi yalnız infrastruktur yaratmaq deyil. Burada yeni iqtisadi münasibətlərin formalaşdırılması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal texnologiyaların geniş istifadəsi, yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi və müasir yaşayış standartlarının təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın innovativ inkişaf modelinin tətbiq olunduğu ən mühüm regionlardan birinə çevrilir. “Böyük Qayıdış” Proqramı da həyata keçirilən dövlət siyasətinin humanitar mahiyyətini aydın şəkildə nümayiş etdirir. Uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə öz yurdlarına qayıtması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi həyata keçirilir. Bu proses yalnız sosial layihə deyil, həm də tarixi ədalətin bərpası və milli həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.
C.Canməmmədov deyib ki, Prezident İlham Əliyevin regional inkişaf siyasətində Naxçıvan Muxtar Respublikası da xüsusi yer tutur. Son illərdə muxtar respublikanın nəqliyyat, enerji, sənaye və turizm potensialının artırılması istiqamətində ardıcıl addımlar atılır. Naxçıvanın ölkənin ümumi inkişaf strategiyasına daha sıx inteqrasiyası həm regionun sosial-iqtisadi inkişafını sürətləndirir, həm də onun geostrateji əhəmiyyətini artırır. Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunması istiqamətində həyata keçirilən layihələr də xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Möminə Xatun türbəsinin bərpası və ətraf ərazidə aparılan abadlıq işləri təkcə mühüm memarlıq abidəsinin qorunmasına deyil, eyni zamanda Azərbaycanın qədim dövlətçilik ənənələrinin və milli-mədəni irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu cür layihələr ölkənin turizm potensialının genişləndirilməsi, mədəni diplomatiyanın gücləndirilməsi və milli kimliyin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevə olan yüksək ictimai etimad yalnız siyasi liderə şəxsi rəğbətin ifadəsi deyil. Bu etimad dövlətin milli maraqlara söykənən inkişaf strategiyasına, təhlükəsizlik siyasətinə, bərpa-quruculuq proseslərinə və gələcəyə hesablanmış uzunmüddətli inkişaf kursuna verilən ictimai qiymətin real təzahürüdür. Azərbaycan Prezidentinə yüksək ictimai etimadın formalaşmasını şərtləndirən əsas amillərdən biri də ölkəmizin son illərdə həyata keçirdiyi ardıcıl, prinsipial və milli maraqlara əsaslanan xarici siyasət kursudur. Müasir beynəlxalq münasibətlər sistemində qlobal rəqabətin, geosiyasi qarşıdurmaların və regional təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli diplomatik strategiyası ölkənin milli maraqlarının etibarlı şəkildə qorunmasına, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və dövlətimizin nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Deputat qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas xüsusiyyəti Azərbaycanın heç bir güc mərkəzindən asılı olmayan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən müstəqil qərarlar qəbul etmək iradəsini nümayiş etdirməsidir. Son illərdə ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəallığının artması, müxtəlif siyasi platformalarda etibarlı tərəfdaş kimi qəbul edilməsi və regional əməkdaşlıq təşəbbüslərinin müəlliflərindən birinə çevrilməsi bu siyasətin praktik nəticələridir. Bu kontekstdə 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi müasir Azərbaycan diplomatiyasının ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir. Azərbaycan və Türkiyə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bu sənəd iki qardaş ölkə arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın, müdafiə və təhlükəsizlik əməkdaşlığının, enerji və nəqliyyat layihələrinin daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza formalaşdırdı. Eyni zamanda, Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasına və regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verən strateji sənəd kimi tarixə düşdü.
