Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi ictimai rəy sorğusu vətəndaşların dövlət idarəçiliyi, siyasi institutlar və ölkə lideri haqqında mövqeyini müəyyənləşdirməyə, ictimai etimadın hansı amillər üzərində formalaşdığını aydınlaşdırır. Əldə olunmuş nəticələr Prezident İlham Əliyevə yüksək ictimai etimadı nümayiş etdirməklə yanaşı, həm də bu etimadın hansı səbəblərdən qaynaqlandığını təhlil etməyə imkan yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərib, 93,6 faizi onun fəaliyyətini müsbət qiymətləndirib, 81,9 faizi isə onu alternativsiz siyasi lider kimi dəyərləndirib. Sosioloji baxımdan bu göstəricilər xüsusi əhəmiyyət daşıyır. Çünki “etimad”, “fəaliyyətin qiymətləndirilməsi” və “seçki davranışı” eyni məzmunu ifadə edən anlayışlar deyil. İnsan müəyyən dövlət xadiminin fəaliyyətini müsbət qiymətləndirə bilər, lakin ona etimad göstərməyə və ya seçkilərdə səs verməyə bilər. Bu baxımdan Prezident İlham Əliyevlə bağlı hər üç göstəricinin yüksək səviyyədə üst-üstə düşməsi Azərbaycan cəmiyyətində formalaşmış güclü ictimai konsensusun nümunəsi kimi qiymətləndirilə bilər.
“Nəticələr göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində milli maraqların dayandığını görür. Son illərdə ölkəmizin beynəlxalq münasibətlər sistemində nümayiş etdirdiyi prinsipial mövqe, dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, xarici siyasətdə ardıcıl və uzaqgörən xəttin yürüdülməsi cəmiyyətdə geniş dəstək qazanıb. Cəmiyyət bilir ki, Prezidentin yürütdüyü xətt nəticəsində Azərbaycan Cənubi Qafqazın real lider dövləti kimi çıxış edir, beynəlxalq enerji, nəqliyyat və logistika layihələrinin təşəbbüskarlarından biri hesab olunur. Azərbaycanın qazandığı nüfuz və etibarlı tərəfdaş imici vətəndaşlar tərəfindən dövlət siyasətinin mühüm uğuru kimi qiymətləndirilir. İnsanlar Prezident İlham Əliyevin qəbul etdiyi qərarların Azərbaycan dövlətinin və xalqının uzunmüddətli maraqlarına xidmət etdiyinə inanır və məhz buna görə ona yüksək etimad göstərirlər”, – deyə M.Ələsgərli vurğulayıb.
Ekspert deyib ki, ictimai etimadı formalaşdıran mühüm amillərdən biri də Prezident İlham Əliyevin xalqla sıx təmasda olmasıdır. Dövlətimizin başçısının regionlara mütəmadi səfərləri, cəmiyyətlə birbaşa təmaslara üstünlük verməsi, vətəndaşların problemlərinə həssas yanaşması, sosial məsələlərin həllini daim diqqətdə saxlaması insanların dövlətə və ölkə rəhbərinə olan etimadını daha da möhkəmləndirir.
“Şübhəsiz ki, ictimai etimadın ən mühüm əsaslarından biri 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsidir. Azərbaycan xalqı bu hadisəni müasir tariximizin ən böyük nailiyyəti hesab edir. Bu tarixi nəticənin əldə olunmasında Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və Ali Baş Komandan kimi fəaliyyəti həlledici rol oynayıb. Buna görə də xalqın tarixi yaddaşında bu möhtəşəm Zəfər birbaşa Prezident İlham Əliyevin liderlik fəaliyyəti ilə eyniləşdirilir.
Dünyada geosiyasi qarşıdurmaların, silahlı münaqişələrin, iqtisadi qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanda sabit ictimai-siyasi mühitin qorunub saxlanılması, təhlükəsizliyin təmin edilməsi və dövlət institutlarının səmərəli fəaliyyət göstərməsi də bu sorğuda əldə edilən nəticələri şərtləndirən amillər sırasındadır. İnsanlar mövcud sabitliyin dövlətin inkişafı və gələcək rifahı üçün əsas şərtlərdən biri olduğunu yaxşı anlayırlar.
Bütün bu faktorlar deməyə əsas verir ki, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevə bəslənilən yüksək etimad təsadüfi formalaşmayıb və emosional xarakter daşımır. Bu etimad uzun illər ərzində əldə olunmuş siyasi, iqtisadi, hərbi və diplomatik uğurların, milli maraqlara söykənən dövlət siyasətinin, xalqla hakimiyyət arasında qarşılıqlı inam münasibətlərinin məntiqi nəticəsi kimi meydana çıxıb”, – deyə o əlavə edib.
