ABŞ prezidenti Donald Trampın administrasiyası münaqişə üzərində nəzarəti itirməkdən qorxaraq İsrailin İranla yeni bir hərbi əməliyyata cəlb olunmasını istəmir. Bu barədə CNN iki İsrail mənbəyinə istinadən məlumat yayıb.
Kanalın mənbələrindən birinin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu Amerika zərbələrinə qoşulmaq istəsə də, Vaşinqton hazırda İsrailin hərbi əməliyyatlarda iştirakına qarşıdır. Ağ Ev hələlik bu məlumatla bağlı şərh verməyib.
Bu arada, İsrailin müdafiə naziri İsrael Katz əvvəllər İsrail Müdafiə Qüvvələrinin zərurət yaranarsa, müstəqil şəkildə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirmişdi. CNN mənbəyindən birinin məlumatına görə, İsrail hesab edir ki, Tramp tammiqyaslı müharibəyə qayıtmaqda maraqlı deyil və yalnız ən sərt tədbir olaraq İran limanlarının dəniz blokadasını bərpa etməyə razı olardı.
