Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.
O diqqətə çatdırıb ki, portretin əsas təsir gücü baxışların ifadəsində cəmlənib. “Natəvanın gözlərində qətiyyət, müdriklik və daxili ləyaqət hiss olunur. O, yalnız şairə deyil, həm də Qarabağın ictimai həyatında mühüm rol oynamış nüfuzlu şəxsiyyət kimi təqdim edilir. Rəng həllində isti qəhvəyi, qızılı və yaşıl tonlar üstünlük təşkil edir. Bu rənglər obrazın aristokrat mənşəyini və milli mühitlə bağlılığını vurğulayır. Rəssam işıq-kölgə münasibətlərindən istifadə etməklə portretə həcm və canlılıq qazandırmışdır. Əsərdə Natəvanın əlində kitabın təsviri onun maarifçi və şairə fəaliyyətinə işarə edir. Kitab burada biliyin, mədəniyyətin və mənəvi inkişafın rəmzi kimi çıxış edir”, -deyə A.Xəlilov əlavə edib.
