Prezident İlham Əliyevlə bağlı keçirilən bütün ictimai rəy sorğularının nəticələrini təbii hesab edirəm. Çünki son prezident seçkilərində vətəndaş cəmiyyətinin nümayəndəsi və müşahidəçi kimi iştirak etmişəm. Həmin gün insanların böyük həvəslə seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə yüksək inamla səs verdiyinin şahidi olmuşam. Açıqlanan son sorğunun nəticələri də həmin ictimai ovqatın davam etdiyini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, sessiya iştirakçısı İradə Rizazadə söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi lider kimi formalaşmasında Ulu Öndər Heydər Əliyev məktəbinin mühüm rolu olub.
“Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti, cəsarətli mövqeyi və milli maraqlara əsaslanan siyasəti xalqın ona olan etimadını daha da möhkəmləndirib. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Ən önəmlisi isə odur ki, Prezident İlham Əliyev öz gücünü xalqdan alır, xalq da ona inanır. Xalqla dövlət başçısı arasında formalaşan qarşılıqlı etimad hər bir dövlətin inkişafı üçün əsas şərtlərdən biridir”, – deyə İ.Rizazadə bildirib.
QHT sədri qeyd edib ki, Prezident İlham Əliyev müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiqlərin artdığı şəraitdə də qətiyyətli mövqe nümayiş etdirib, ölkənin maraqlarını beynəlxalq platformalarda inamla müdafiə edib.
“Xüsusilə xarici media nümayəndələrinə verdiyi müsahibələrdə və beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini cəsarətlə ifadə etməsi xalq tərəfindən yüksək qiymətləndirilib. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunacağına bir çox insanın ümidi azalmışdı. Lakin 44 günlük Vətən müharibəsi göstərdi ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin canı bahasına tarixi Zəfər qazanıldı. Hər bir yaşayış məntəqəsinin azad olunması ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciətləri tariximizin ən yaddaqalan anlarından oldu”, – deyə İradə Rizazadə vurğulayıb.
O, həmçinin diqqətə çatdırıb ki, bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və inkişaf etmiş dövlətidir. Ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən islahatlar, sosial siyasət və beynəlxalq nüfuzu bunu bir daha təsdiqləyir. Beynəlxalq tədbirlərdə də Azərbaycanın mövqeyinə və Prezident İlham Əliyevin fəaliyyətinə böyük maraq göstərildiyini müşahidə edirik. Fərqli mövqedə olanlar belə, Azərbaycanın əldə etdiyi uğurları və Prezident İlham Əliyevin siyasi çəkisini inkar edə bilmirlər.
“Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın davamlı inkişafını təmin edib. Bu gün ölkədə iqtisadiyyatın gücləndirilməsi, sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar və dövlət idarəçiliyinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətini və xalqını sevən lider yalnız belə nəticələr əldə edə bilər. Azərbaycan xalqı da bunu yüksək qiymətləndirir və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir”, – deyə QHT sədri fikrini tamamlayıb.
