Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycan dövlətinin informasiya siyasətində strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin açılış mərasimində iştirakı və forum iştirakçılarının suallarını cavablandırması, bu tədbirin sırf media müzakirəsi olmaqdan çıxaraq dövlətin siyasi iradəsinin birbaşa ifadəsinə çevrildiyini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
O bildirib ki, forumun məhz Şuşada keçirilməsi Azərbaycanın Qarabağ üzərində suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq ictimaiyyətə siyasi mesaj verilməsi deməkdir. Şuşa, həm mədəniyyət paytaxtı, həm də azadlıq rəmzi olaraq, Azərbaycanın yeni informasiya diplomatiyasının mərkəzinə çevrilib. İlham Əliyev forumda iştirak etməklə, medianın sülh quruculuğunda rolunu dövlət siyasətinin ayrılmaz hissəsi kimi təqdim etdi. Bu, Azərbaycanın informasiya təhlükəsizliyi və qlobal media dialoqunda liderlik iddiasını təsdiqləyir. Prezidentin cavablarında əsas vurğu dezinformasiyanın qarşısının alınması, etimadın bərpası və medianın məsuliyyətli davranışıdır. Bu, Azərbaycanın son illərdə apardığı anti-dezinformasiya siyasətinin beynəlxalq müstəviyə çıxarılmasıdır.
“Şuşa Forumu çox əhəmiyyətli beynəlxalq miqyasda çox əhəmiyyətlidir. Burada 54 ölkədən 160-a yaxın media nümayəndəsinin iştirakı Azərbaycanın informasiya diplomatiyasının qlobal miqyasda qəbul olunduğunu göstərir. Bu, ölkənin beynəlxalq nüfuzunun artmasının konkret faktıdır və sübutudur. 30 beynəlxalq agentlik və 60-dan çox aparıcı media qurumunun forumda təmsil olunması, Azərbaycanın qlobal informasiya axınında mərkəzləşmə siyasətinin uğurunu sübut edir. Fikrimcə, burada “Sülhün təşviqində medianın missiyası” mövzusu, Azərbaycanın post-münaqişə dövründə sülh gündəliyini informasiya vasitəsilə legitimləşdirmə strategiyasının bariz nümunəsidir. Burada dünyaya örnək olacaq sülh diplomatiyası mesajı var. Forum, Azərbaycanın sülh təşəbbüslərinin yalnız regionda deyil, qlobal miqyasda media vasitəsilə legitimləşdirilməsinə xidmət edir. Bununla paralel olaraq bu gün dünyada informasiya təhlükəsizliyi vacib məsələdir. Dezinformasiyaya qarşı mübarizə və etimadın bərpası, dövlətin informasiya siyasətində təhlükəsizlik prioritetlərinin ön plana çəkildiyini göstərir”, – deyə Aydın Tağıyev vurğulayıb.
“lV Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarını beynəlxalq informasiya gündəliyinə çıxarmaq siyasətinin parlaq nümunəsidir. Azərbaycanın qlobal media diplomatiyasında liderlik mövqeyini gücləndirdi, Şuşanı beynəlxalq informasiya mərkəzinə çevirdi, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyi təşviq etdi, sülh və etimadın bərpasını dövlət siyasətinin əsas prioriteti kimi təqdim etdi. Bu da ölkəmiz üçün beynəlxalq səviyyədə çox böyük uğurdur. Beləliklə, bu tədbir Azərbaycan dövlətinin informasiya siyasətində strateji dönüş nöqtəsi olmaqla yanaşı, İlham Əliyevin yürüdüyü siyasətin qlobal miqyasda diplomatik təsir gücünü nümayiş etdirdi”, – deyə politoloq əlavə edib.
