Şuşa şəhəri növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu dəfə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu media nümayəndələrini, ekspertləri, beynəlxalq təşkilatların təmsilçilərini və kommunikasiya sahəsində fəaliyyət göstərən nüfuzlu şəxsləri bir araya gətirib. 53 ölkədən 160-dan çox nümayəndənin, 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun və nüfuzlu beynəlxalq təşkilatların iştirakı Forumun qlobal əhəmiyyətinin göstəricisidir.
Dünyanın onlarla ölkəsindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirak etdiyi forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və media nümayəndələrinin suallarına verdiyi əhatəli cavablar regional və qlobal gündəmin əsas istiqamətlərinə aydınlıq gətirdi. Prezidentin çıxışında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərini, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları, beynəlxalq hüquqa münasibəti və qlobal təhlükəsizlik mühitinə baxışını əks etdirməklə yanaşı, ölkənin gələcək inkişaf strategiyasının da siyasi konturlarını ortaya qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.
S.Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışının əsas xəttini Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda yaranmış yeni vəziyyət təşkil edirdi. Dövlət başçısı vurğuladı ki, artıq Cənubi Qafqazda yeni siyasi və hüquqi reallıq formalaşıb və bu reallıq bütün regional aktorlar tərəfindən qəbul edilməlidir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl diplomatik xəttin məntiqi davamıdır. Rəsmi Bakı hesab edir ki, bölgədə davamlı sülh yalnız dövlətlərin suverenliyinə, sərhədlərin toxunulmazlığına və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür.
Forum zamanı Prezident İlham Əliyev Azərbaycanın heç bir hərbi-siyasi blokun maraqlarına xidmət etməyən, milli maraqlara söykənən müstəqil xarici siyasət yürütməsinin əhəmiyyətini xüsusi vurğuladı. Bu siyasət ölkəyə müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmağa imkan verib. Son illər Azərbaycanın həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika marşrutları, həm də humanitar diplomatiya sahəsində artan rolu göstərir ki, ölkə artıq təkcə regional deyil, Avrasiya məkanında mühüm geosiyasi aktorlardan birinə çevrilib.
Prezident İlham Əliyevin forumda toxunduğu mühüm məsələlərdən biri də Azərbaycan–Türkiyə münasibətlərinin mahiyyəti və bu əməkdaşlığın beynəlxalq münasibətlər sistemində tutduğu xüsusi yer oldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Həmin münasibətlər təkcə iki dövlət arasında siyasi əməkdaşlıq nümunəsi deyil, eyni zamanda, ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənən unikal modeldir. Müasir beynəlxalq münasibətlər sistemində eyni etnik, dini və ya tarixi köklərə malik xalqlar arasında fikir ayrılıqları, siyasi qarşıdurmalar, hətta silahlı münaqişələr yaşandığı hallara tez-tez rast gəlinir. Dünyada qardaş hesab olunan xalqlar arasında münasibətlərin gərginləşməsi, müharibələrin baş verməsi göstərir ki, ortaq mənşə öz-özlüyündə möhkəm tərəfdaşlığın təminatı deyil. Azərbaycan və Türkiyə isə bunun tam əksini nümayiş etdirir. İki ölkə arasında formalaşmış münasibətlər qarşılıqlı etimadın, siyasi həmrəyliyin və strateji baxış birliyinin real nümunəsidir. Dövlətlər bütün əsas regional və beynəlxalq məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığı ardıcıl şəkildə genişləndirirlər. Azərbaycan–Türkiyə müttəfiqliyi regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq hər hansı üçüncü tərəfə qarşı yönəlməyib, əksinə, qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və regional əməkdaşlığın inkişafına əsaslanan dayanıqlı tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” fəlsəfəsinin təkcə siyasi şüar deyil, real geosiyasi məzmun daşıyan və müasir beynəlxalq münasibətlərdə nadir rast gəlinən uğurlu əməkdaşlıq nümunəsidir.
Deputat bildirib ki, Qlobal Media Forumun məhz Şuşada keçirilməsi təsadüfi deyil. Azərbaycan həmin platforma vasitəsilə informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və media əməkdaşlığı kimi məsələləri beynəlxalq gündəliyin ön sıralarına çıxarmağa nail olur. Prezident İlham Əliyev forumda çıxışı zamanı informasiya manipulyasiyalarının, saxta xəbərlərin və ikili standartların beynəlxalq münasibətlər sisteminə mənfi təsir göstərdiyini vurğulayaraq peşəkar jurnalistikanın və obyektiv informasiyanın əhəmiyyətini ön plana çəkdi. Müasir dövrdə informasiya məkanı artıq klassik diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Dövlətlərin beynəlxalq imici, siyasi mövqelərinin düzgün çatdırılması və ictimai rəyin formalaşdırılması məhz media vasitəsilə həyata keçirilir. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir. Qlobal dəyişikliklər fonunda Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin cavablarında diqqət çəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiya proseslərinin təhlili idi. Dövlət başçısı bildirdi ki, dünya artıq əvvəlki geosiyasi model üzrə inkişaf etmir və yeni güc balansı formalaşır. Bu kontekstdə Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməklə müxtəlif siyasi mərkəzlərlə əməkdaşlığı paralel şəkildə inkişaf etdirir.
“Avropa, Asiya, Yaxın Şərq və Mərkəzi Asiya istiqamətlərində qurulan çoxtərəfli əlaqələr ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi, Orta Dəhlizin inkişafına verdiyi töhfələr və yaşıl enerji layihələri ölkənin geosiyasi çəkisini daha da artırır.
Forum zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılmasını dəstəkləyir. Bu yanaşma göstərir ki, rəsmi Bakı postmünaqişə dövründə regional əməkdaşlığın genişlənməsini, iqtisadi inteqrasiyanın güclənməsini və uzunmüddətli sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirib. Şuşadan verilən siyasi mesajların beynəlxalq əhəmiyyəti Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm siyasi dialoq məkanına çevrilib. Buradan verilən mesajlar təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan müasir geosiyasi proseslərə passiv müşahidəçi kimi deyil, təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi yanaşır. Ölkənin müstəqil siyasəti, çoxtərəfli əməkdaşlıq modeli və beynəlxalq hüquqa əsaslanan mövqeyi onun regional lider statusunu daha da möhkəmləndirir.
Ümumilikdə, IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, informasiya diplomatiyası ilə geosiyasət arasında əlaqə getdikcə daha da güclənir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər isə Azərbaycanın gələcək inkişaf prioritetlərini, regional sabitlik baxışını və qlobal proseslərdə artan rolunu aydın şəkildə ifadə etdi. Şuşadan dünyaya ünvanlanan həmin mesajlar, əslində, yeni dövrün siyasi reallıqlarının və Azərbaycanın həmin reallıqlardakı yerinin konseptual təqdimatı kimi qiymətləndirilə bilər”, – deyə S.Hüseynova qeyd edib.
