Yaxın Şərqdə davam edən qarşıdurmalar və yeni təhlükəsizlik çağırışları fonunda Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində fəal mövqeyi ölkəmizin müsəlman dünyasında əməkdaşlıq və dialoq platformalarının gücləndirilməsinə verdiyi önəmi bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, eləcə də Azərbaycanın gələn il İslam Əməkdaşlığı Təşkilatının Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə ev sahibliyi edəcəyi ilə bağlı açıqlamaları ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin həmrəylik, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslandığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə deyib.
Ekspert bildirib ki, Azərbaycanın Yaxın Şərq siyasəti artıq ənənəvi ikitərəfli diplomatiya çərçivəsini aşaraq enerji, nəqliyyat və humanitar istiqamətləri özündə birləşdirən çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Azərbaycanın ərəb ölkələri və ərəb təşkilatları ilə münasibətləri formal üzvlük və ya bəyanat diplomatiyası ilə məhdudlaşmır. Bu əlaqələr qarşılıqlı legitimlik, siyasi koordinasiya və ortaq maraqlara əsaslanır. Azərbaycan bu münasibətlərdə ideoloji yanaşmalardan uzaq dayanaraq beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini əsas götürür. Məhz bu praqmatik və balanslı siyasət ölkəmizin İslam dünyasında həmrəyliyin təşviqinə verdiyi töhfəni daha da gücləndirir. Azərbaycanın beynəlxalq nüfuzu son illərdə çoxtərəfli diplomatiyada qazandığı uğurlarla daha da möhkəmlənib. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin də təmsil olunduğu 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə bu quruma sədr seçildi. Ölkəmizin sədrliyi bütün üzv dövlətlərin razılığı ilə daha bir il uzadıldı və Azərbaycan 2019–2023-cü illərdə bu nüfuzlu beynəlxalq platformaya uğurla rəhbərlik etdi. Həmin dövrdə irəli sürülən təşəbbüslər, Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlər dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın, həmrəyliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verdi.
“Azərbaycanın gələn il İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etmək hüququ qazanması da ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. Belə bir mötəbər tədbirə ev sahibliyi etmək, xüsusilə də hazırkı mürəkkəb regional və qlobal şəraitdə Azərbaycanın üzərinə mühüm siyasi və diplomatik məsuliyyət qoyur. Dünyanın müxtəlif bölgələrində, xüsusilə Yaxın Şərqdə davam edən gərginliklər və fikir ayrılıqları müsəlman ölkələri arasında daha sıx əməkdaşlığın və koordinasiyanın vacibliyini artırır. Azərbaycan isə hər zaman İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsini təşviq edən dövlət kimi çıxış edib və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər də məhz qarşılıqlı anlaşma, birlik və əməkdaşlıq ideyalarına xidmət edib. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də məhz bu strateji yanaşmanı əks etdirir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində həmrəylik yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, təhlükəsizlik, sabitlik və qarşılıqlı etimadın təmin olunmasına xidmət edən real əməkdaşlıq mexanizmlərinə çevrilməlidir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi müxtəlif baxışlara malik dövlətlər arasında dialoqun qurulmasının və ortaq mövqelərin formalaşdırılmasının mümkün olduğunu praktik olaraq sübut etdi”, – deyə Lalə Xəlilzadə bildirib.
Onun sözlərinə görə, COP29-a ev sahibliyi çərçivəsində Azərbaycanın nümayiş etdirdiyi uğurlu təşkilatçılıq və konsensus yaratmaq bacarığı da ölkəmizin çoxtərəfli diplomatiyada artan rolunu təsdiqləyir. Bu baxımdan qarşıdakı İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşü Azərbaycanın həmrəylik, qarşılıqlı anlaşma və sülh gündəliyinin təşviqinə növbəti mühüm töhfəsi olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizlik və sabitliyin əsas şərtlərindən biridir. Azərbaycanın beynəlxalq platformalarda həyata keçirdiyi balanslı, praqmatik və nəticəyönümlü diplomatik xətt ölkəmizin İslam dünyasında etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
