Artıq dördüncü dəfədir Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqu dünyanın diqqət mərkəzindədir. İctimaiyyət, ekspert dairələri, media və siyasi analitiklər dövlətimizin başçısının aktual proseslərə dair baxışlarını, regional və beynəlxalq siyasətin konturlarını açıq, cəsarətli və prinsipial şəkildə ifadə etməsinə böyük maraq göstəriblər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.
Prezident İlham Əliyevin Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Türk dünyasından Avropaya, Yaxın Şərqdən ABŞ-yə, Uzaq Şərqdən Afrikaya uzanan əməkdaşlıq gündəliyinə, beynəlxalq təşkilatlarla münasibətlərə dair dövlətimizin mövqeyini səsləndirməsindən bəhs edən Günay Əfəndiyeva bildirib: “Suallar nə qədər mürəkkəb və ya həssas olsa da, dövlətimizin başçısının cavabları hər zamankı kimi arqumentlərə, faktlara və dövlət maraqlarına xidmət edən prinsiplərə əsaslanırdı. Bu, əslində Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycanın öz yolunda atdığı addımlara inamının ifadəsidir. Çünki haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir”.
Deputat bildirib ki, 30 ilə yaxın işğal altında qalıb, dağıdılan Şuşa şəhərinin bu gün gələcəyə yönəlmiş strateji müzakirələrin ünvanına çevrilməsi Azərbaycanın tarixində olduqca mühüm mərhələdir. Günay Əfəndiyeva etibarlılığı XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında əsas meyarlardan biri kimi dəyərləndirərək vurğulayıb: “Etibarlı tərəfdaş olmaq, regionda sabitliyi təşviq etmək, balanslı siyasət yürütmək böyük siyasi kapitaldır. Azərbaycan hazırda məhz belə bir dövlət olaraq dünya miqyasında tanınır, qəbul edilir. Ölkəmiz mürəkkəb və dinamik geosiyasi nöqtədə yerləşməsinə baxmayaraq, öz müstəqil iradəsini, qərarlarını qətiyyətlə ortaya qoyur. Biz bu gün nəinki, coğrafi baxımdan, siyasi baxımdan da müxtəlif sivilizasiyaları, iqtisadi məkanları və maraqları birləşdirən körpü rolunu oynayırıq. Bu, təsadüfi uğur deyil, uzun illər ardıcıl həyata keçirilən gələcəyə hesablanmış dövlət strategiyasının nəticəsidir. Prezident İlham Əliyevin Şuşadan dünyaya ünvanladığı mesajlar isə onun böyük dünyagörüşü, geniş strateji düşüncəsi, yürütdüyü nəhəng siyasəti ilə yanaşı, Azərbaycanın güclü və uğurlu dövlətçilik xəttini nümayiş etdirib”.
