İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında Tehranda diplomatik normaları pozan iki fransız diplomatının hərəkətlərinin qəbuledilməz olduğunu bildirib. Bu barədə Əraqçinin rəsmi Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib.
İranın xarici işlər naziri “Tehranda iki diplomatın qeyri-peşəkar hərəkətlərinə” etirazını bildirib. Əraqçi vurğulayıb ki, ev sahibi ölkənin qanunlarına və hamı tərəfindən qəbul edilmiş diplomatik prinsiplərə riayət etmək “xarici nümayəndəliklərin davamlı fəaliyyəti üçün zəruri şərtdir”. O, Fransa tərəfini bu cür hərəkətlərin təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.
İran xarici işlər naziri həmçinin bildirib ki, Hörmüz boğazının bağlanması “ABŞ-ın İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərini pozmasının və Vaşinqtonun sabitliyi pozan hərəkətlərinin birbaşa nəticəsidir”. Əraqçinin sözlərinə görə, nəticələrə görə məsuliyyət “razılaşmalardan geri çəkilməklə və birtərəfli yanaşmasını davam etdirməklə regionda diplomatik səyləri və sabitliyi təhlükəyə atan” tərəfin üzərinə düşür. (Tass)
