Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi ədibin irsinin qorunması, öyrənilməsi və təbliği məqsədilə elmi-tədqiqat, fond işi və mədəni-maarifçilik sahələrində fəaliyyətini uğurla davam etdirir. Qurumun direktoru Tünzalə Dilanova AZƏRTAC-a müsahibəsində Cavid irsinin araşdırılması, yeni materialların toplanması, beynəlxalq səviyyədə təbliği və gənc nəslə tanıdılması istiqamətində görülən işlərdən danışıb. Müsahibəni təqdim edirik.
– Son illərdə ev-muzeyinin elmi-tədqiqat fəaliyyəti çərçivəsində hansı mühüm işlər görülüb?
-Son illərdə ev-muzeyində fondlarda mühafizə olunan eksponatların elmi cəhətdən öyrənilməsi, yeni qəbul edilən eksponatların elmi təsvirinin hazırlanması və Hüseyn Cavid irsinin müxtəlif istiqamətlər üzrə araşdırılması istiqamətində ardıcıl işlər görülüb. Muzey bu gün cavidşünaslar, ədəbiyyatşünaslar və tədqiqatçılar üçün mühüm elmi araşdırma mərkəzlərindən biridir. Fondlarda qorunan əlyazmalar, sənədlər, müxtəlif nəşrlər, monoqrafiyalar, afişalar, fotoşəkillər və illüstrasiyalar Cavid irsinin öyrənilməsi üçün zəngin mənbə rolunu oynayır. Eyni zamanda, Hüseyn Cavidə həsr olunmuş təsviri sənət nümunələri, habelə Turan Cavidin və tanınmış cavidşünas alimlərin avtoqraflı kitabları muzey fondunun dəyərli eksponatları sırasında yer alır.
-Hüseyn Cavid yaradıcılığının beynəlxalq səviyyədə tanıdılması istiqamətində hansı tədbirlər həyata keçirilir?
-Hüseyn Cavidin irsinin beynəlxalq səviyyədə tanıdılması ev-muzeyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə müxtəlif illərdə ölkə daxilində və xaricdə sərgilər, yubiley tədbirləri və elmi-mədəni layihələr həyata keçirilib. Ev-muzeyi tərəfindən hazırlanmış səyyar sərgilər Naxçıvanın mədəniyyət və təhsil müəssisələrində nümayiş etdirilib. 1990-cı ildə Minskdə, 1996-cı ildə isə Türkiyənin Sivas şəhərində Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgilər təşkil edilib.
Prezident İlham Əliyevin Hüseyn Cavidin yubileyləri ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq muzeydə silsilə tədbirlər və sərgilər keçirilib. 2007-ci ildə İstanbulda təşkil olunmuş “Hüseyn Cavid–125” beynəlxalq yubiley tədbiri də Cavid irsinin dünyada tanıdılmasına töhfə verib.
– Yaxın dövrdə ev-muzeyinin fəaliyyət prioritetləri nədən ibarətdir?
-Muzeyimizin əsas missiyası milli-mədəni irsin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Bu baxımdan Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin yaxın dövr üçün fəaliyyət prioritetləri fond işinin daha da təkmilləşdirilməsi, Hüseyn Cavidin həyat və yaradıcılığına dair yeni materialların toplanması və elmi dövriyyəyə daxil edilməsidir.
Eyni zamanda, yeni tədris ilindən etibarən məktəb və ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, muzeydə açıq dərslərin, maarifləndirici görüşlərin və müxtəlif layihələrin təşkili nəzərdə tutulur.
Muzeyin fəaliyyətində əlamətdar günlərin və yubileylərin qeyd olunması da xüsusi yer tutur. Hər il iyulun 21-də Hüseyn Cavidin ev-muzeyinin açılış günü təntənəli şəkildə qeyd edilir.
Artıq uzun illərdir ki, oktyabr ayı “Cavidlər ayı” kimi qeyd olunur. Bu ənənə çərçivəsində muzeydə elmi konfranslar, sərgilər, görüşlər və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bütün bu fəaliyyətlərin məqsədi Hüseyn Cavid irsini yaşatmaq, onu müasir dövrdə xüsusilə gənc nəslə daha yaxından tanıtmaq, onların Cavid yaradıcılığına marağını artırmaq və bu zəngin ədəbi irsi gələcək nəsillərə layiqincə çatdırmaqdır.
