Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu İnci Mursaquliyevadır.
Abituriyent AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırlıq prosesi onun üçün olduqca səmərəli keçib. O, uğur qazanmasında müəllimlərinin xüsusi rolu olduğunu vurğulayıb.
Hazırlıq dövrünün yorucu deyil, əksinə, zövqverici olduğunu deyən İnci Mursaquliyeva bütün fənləri sevərək öyrəndiyini qeyd edib. Qəbul proqramına daxil olan altı fənnin heç birində ciddi çətinliklə üzləşməyib.
Yüksək bal toplayan abituriyent qeyd edib ki, məktəb həyatı qəbul imtahanına hazırlıq prosesində onun üçün əlavə üstünlük yaradıb. Məktəbdə əldə etdiyi biliklər gələcək uğurlarının əsasını təşkil edib. Məktəb illərində həm akademik, həm də ictimai fəallığı ilə seçilib. VII sinifdə respublika fənn müsabiqəsində bürünc medal qazanıb, müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və dünyagörüşünü zənginləşdirib. Bundan əlavə, X sinifdə “Şahin” hərbi-idman oyunlarında komandası ilə birlikdə qızıl medala layiq görülüb.
İnci Mursaquliyeva ali təhsilini Azərbaycan Tibb Universitetində almaq istədiyini söyləyib. O, müalicə işi ixtisasını seçməyi planlaşdırdığını və bunun səbəbinin uşaqlıqdan həkim olmaq arzusu olduğunu vurğulayıb. Abituriyent gələcəkdə xaricdə rezidentura təhsili almaq istədiyini, əsas məqsədinin isə peşəkar həkim kimi formalaşaraq insanlara fayda vermək olduğunu bildirib.
Müsahibimiz həmyaşıdlarına tövsiyə edir ki, insan öz arzularına doğru qətiyyətlə addımlamalıdır. İstək və çalışqanlığın olduğu yerdə uğur qaçılmazdır.
Qeyd edək ki, İnci Mursaquliyeva buraxılış imtahanında 290,2, qəbul imtahanında isə 400 olmaqla ümumilikdə 690,2 bal toplayıb.
