Müasir təhsil sistemində informasiyanın əzbərlənməsinin əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə dəyişsə də, bu bacarıq öyrənmə prosesinin vacib tərkib hissəsi olaraq qalır. Artıq əsas məqsəd şagirdin geniş həcmdə məlumatı yadda saxlaması deyil, biliyi dərk etməsi, təhlil etməsi, müxtəlif situasiyalarda tətbiq etməsi və yeni bilik yaratmasıdır.
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin üzvü, metodist-müəllim Zinyət Ağayeva AZƏRTAC-a açıqlamasında müasir təhsildə əzbərləmənin yeri, əsas biliklərin əhəmiyyəti və şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılmasının vacibliyindən bəhs edib. Onun sözlərinə görə, informasiyanın əzbərlənməsi öyrənmənin ilk mərhələsi sayılır. Şagird müəyyən faktları, anlayışları, qaydaları və əsas düsturları yadda saxlamadan analiz, müqayisə, qiymətləndirmə və yaradıcı düşünmə kimi daha yüksək bacarıqlarını inkişaf etdirə bilməz. Bu baxımdan möhkəm bilik bazası sonrakı öyrənmə prosesinin əsasını təşkil edir.
Bununla yanaşı, müasir kurikulum və XXI əsr bacarıqları göstərir ki, təkcə əzbərləmək kifayət etmir. Şagird öyrəndiyi biliyin mənasını başa düşməli, səbəb-nəticə əlaqələrini müəyyən etməli, onu real həyatda və müxtəlif problemlərin həllində tətbiq etməli, eyni zamanda, yeni ideyalar irəli sürərək müstəqil qərarlar qəbul etməyi bacarmalıdır: “Məsələn, riyaziyyatda şagird vurma cədvəlini və əsas düsturları bilməlidir. Əks halda, hər dəfə sadə hesablamaları axtarmağa ehtiyac duyduqda diqqəti məsələnin məntiqi həllindən yayınacaq. Buna görə də əsas biliklərin yadda saxlanılması düşünmə prosesini sürətləndirir və mürəkkəb məsələlərin həllini asanlaşdırır”.
Z.Ağayeva əlavə edib ki, rəqəmsal dövrdə informasiyaya çıxış xeyli asanlaşsa da, hər məlumatı internetdə axtarmaq nə mümkün, nə də səmərəlidir. İnsan düşünərkən, müzakirə apararkən və ya qərar qəbul edərkən yaddaşında mövcud olan biliklərdən istifadə edir. Bu səbəbdən əsas anlayışların və fundamental biliklərin uzunmüddətli yaddaşda saxlanılması vacib hesab edilir.
Bu prinsip Alfa nəslinin təlimində də aktuallığını qoruyur. Texnologiyadan geniş istifadə edən bu nəslin nümayəndələri üçün yalnız informasiyanı axtarmaq deyil, onu seçmək, etibarlılığını qiymətləndirmək, təhlil etmək və yaradıcı şəkildə istifadə etmək bacarığı daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan müəllim dərs prosesini elə təşkil etməlidir ki, şagird məlumatı sadəcə əzbərləməsin, onu araşdırsın, müzakirə etsin, əlaqələndirsin və praktikada tətbiq etsin.
“Müasir təhsildə əzbərləmə məqsəd deyil, biliyin mənimsənilməsinə xidmət edən vasitədir. Əsas biliklərin yadda saxlanılması vacib olsa da, təhsilin hədəfi həmin biliklərdən düşünərək istifadə edən, problem həll edən, tənqidi və yaradıcı düşünən, öyrəndiklərini real həyatla əlaqələndirə bilən şəxsiyyət formalaşdırmaqdır. Bu yanaşma həm yeni kurikulumun, həm də XXI əsr bacarıqlarının əsas tələblərinə uyğundur”, – deyə Z.Ağayeva bildirib.
