Qazaxıstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Böyük Britaniyaya yeni ixrac marşrutu açması bu dəhlizin beynəlxalq yükdaşımalarda artan strateji rolunu bir daha nümayiş etdirir. Ekibastuzdan yola salınan mineral gübrələrin dəmir yolu və dəniz nəqliyyatı ilə Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu üzrə daşınaraq Poti və Batumi limanları vasitəsilə Böyük Britaniyanın Felikstou limanına çatdırılması Orta Dəhlizin Avropa bazarlarına çıxış üçün etibarlı və rəqabətqabiliyyətli logistika marşrutu kimi mövqeyini daha da möhkəmləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Ekspert qeyd edib ki, son illər Orta Dəhliz üzrə daşınan yüklərin çeşidi və həcmi nəzərəçarpacaq dərəcədə artır: “Əgər əvvəllər marşrut əsasən konteyner və sənaye məhsullarının daşınması ilə tanınırdısa, indi kənd təsərrüfatı məhsulları, mineral gübrələr, ərzaq sənayesi üçün xammal və digər strateji yüklər də bu xətt vasitəsilə dünya bazarlarına çıxarılır. Bu isə dəhlizin yalnız regional nəqliyyat layihəsi deyil, qlobal təchizat zəncirinin mühüm həlqəsinə çevrildiyini göstərir”.
R.Ağamirzəyevin sözlərinə görə, mineral gübrələrin Orta Dəhliz vasitəsilə Böyük Britaniyaya çatdırılması qlobal qida təhlükəsizliyi baxımından da mühüm hadisədir: “Gübrələr kənd təsərrüfatı istehsalının əsas komponentlərindən biri hesab olunur və onların vaxtında istehlak bazarlarına çatdırılması ərzaq istehsalının davamlılığına birbaşa təsir göstərir. Bu baxımdan Orta Dəhliz təkcə yükdaşımaları deyil, həm də beynəlxalq ərzaq təchizatının etibarlılığını təmin edən strateji logistika platforması kimi çıxış edir”.
“Son illərdə dünya ticarətində baş verən geosiyasi dəyişikliklər, ənənəvi marşrutlarda yaranan risklər və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti dövlətləri daha etibarlı nəqliyyat dəhlizlərinə üstünlük verməyə sövq edir. Orta Dəhliz də məhz bu baxımdan fərqlənir. Bu marşrut üzərindən daşımaların davamlı şəkildə artması onun dayanıqlığını və beynəlxalq etimad qazandığını göstərir”, – deyə ekspert vurğulayıb.
Onun fikrincə, Azərbaycan bu prosesdə xüsusi əhəmiyyətə malikdir: “Xəzər dənizində yerləşən liman infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu şəbəkəsi və ölkənin həyata keçirdiyi tranzit siyasəti Azərbaycanın Orta Dəhlizin əsas logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib. Yük axınının artması tranzit gəlirlərinin yüksəlməsi, logistika xidmətlərinin genişlənməsi, yeni investisiyaların cəlb olunması və nəqliyyat sektorunda əlavə məşğulluğun yaradılması baxımından da ölkəyə mühüm iqtisadi üstünlüklər qazandırır”.
Ekspert bildirib ki, Qazaxıstanın ixracyönümlü yüklərini məhz Orta Dəhliz vasitəsilə Avropa bazarlarına göndərməsi dəhliz ölkələrinin bu marşruta olan inamını nümayiş etdirir: “Bu, yalnız bir daşınma əməliyyatı deyil, həm də region dövlətlərinin Orta Dəhlizi uzunmüddətli və strateji nəqliyyat platforması kimi qəbul etdiyini göstərən mühüm siqnaldır. Marşrutların şaxələndirilməsi, çatdırılma müddətlərinin optimallaşdırılması, rəqəmsal logistika həllərinin tətbiqi və multimodal daşımaların genişləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artırır. Dəmir yolu, dəniz limanları və avtomobil nəqliyyatının vahid logistika zənciri şəklində fəaliyyət göstərməsi yükdaşımaların sürətini artırmaqla yanaşı, sahibkarlar üçün xərclərin azalmasına da şərait yaradır”.
Onun sözlərinə görə, Orta Dəhliz artıq beynəlxalq siyasi və iqtisadi gündəmin mühüm mövzularından birinə çevrilib: “Avropa İttifaqının Transxəzər marşrutuna artan marağı, Çinin Qazaxıstan limanlarına və logistika infrastrukturuna yatırdığı investisiyalar, ABŞ-nin Transxəzər marşrutunun inkişafına diqqəti, eləcə də Türkiyənin son illərdə həyata keçirdiyi irimiqyaslı nəqliyyat layihələri bu marşrutun gələcəyinə olan inamı daha da gücləndirir. Qarşıdakı illərdə Orta Dəhliz boyunca limanların ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal gömrük sistemlərinin tətbiqi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi yükdaşımaların həcmini daha da yüksəldəcək. Məhz buna görə də 2030-cu il üçün proqnozlaşdırılan 11 milyon tonluq yük dövriyyəsinin əhəmiyyətli dərəcədə üstələnməsi real görünür. Bu gün Orta Dəhliz alternativ marşrut statusundan çıxaraq Avrasiya məkanının əsas ticarət və logistika arteriyalarından birinə çevrilməkdədir. Bu proses Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirir, ölkəmizin beynəlxalq nəqliyyat, ticarət və qida təhlükəsizliyinin təmin edilməsində rolunu artırır. Qarşıdakı dövrdə dəhlizin əhəmiyyəti daha da artacaq və Azərbaycan bu inkişafın əsas benefisiarlarından biri olacaq”.
