Müasir dövrdə tarixi, mədəni, dini, elmi və mənəvi köklərlə bir-birinə bağlı olan dövlətlərin bu bağlılığı real siyasi, iqtisadi və strateji əməkdaşlıq müstəvisinə daşıması heç də hər zaman mümkün olmur. Bu baxımdan Türk dünyasının bəxtinin gətirdiyini demək olar. Çünki bu gün türk dövlətlərini vahid platformada birləşdirən Türk Dövlətləri Təşkilatı qlobal miqyasda fəallığı və təşəbbüsləri ilə seçilir ki, bu da təşkilata üzv ölkələrin mühüm uğuru kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.
Nadir Azəri bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq son illərdə məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə genişlənərək strateji müttəfiqlik mərhələsinə yüksəlib.
“Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad, hökumətlərarası mexanizmlərin səmərəli fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən dəstək ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri münasibətlərin gələcək inkişafını müəyyənləşdirən mühüm siyasi hadisədir. Dövlətlərarası Şuranın üçüncü iclası siyasi dialoqun genişlənməsi ilə yanaşı, iqtisadi, humanitar və Türk dünyasının inteqrasiyası istiqamətində yeni imkanlar açıb. Səfərin ən mühüm nəticəsi Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması olub. Bu sənəd iki ölkənin strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Qırğızıstan Prezidenti Sadır Japarovun da vurğuladığı kimi, aparılan danışıqların ən mühüm yekunu məhz bu müqavilənin imzalanmasıdır və bu sənəd Qırğızıstan–Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsi və qiymətli metalların dövriyyəsini əhatə edən sənədlər paketi münasibətlərin artıq konkret strateji layihələr üzərində qurulduğunu göstərir. Prezident Japarovun ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin genişləndirilməsi ilə bağlı fikirləri də iqtisadi əməkdaşlığın gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur”, – deyə siyasi şərhçi qeyd edib.
Nadir Azəri bildirib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–Qırğızıstan münasibətlərinin mahiyyətini dolğun ifadə edir. Dövlət başçısının “Bu gün biz dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik” fikri, eləcə də “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” bəyanatı göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq etibarlı strateji müttəfiqlik müstəvisində inkişaf edir: “Bu əməkdaşlıq yalnız iki qardaş ölkənin maraqlarına xidmət etmir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin inkişafına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Türk dünyasında ortaq siyasi mövqenin güclənməsinə mühüm töhfə verir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi bütövlükdə Türk dünyasında ortaq siyasi iradənin və iqtisadi inteqrasiyanın güclənməsinin göstəricisidir. Bakı ilə Bişkek arasında formalaşan yeni strateji tərəfdaşlıq modeli Türk Dövlətləri Təşkilatının gələcək inkişafına və Türk dünyasının beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcək”.
