Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını nümayiş etdirdi. Səfərin əsas nəticəsi münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi oldu ki, bu da iki ölkənin siyasi dialoqunun, iqtisadi əməkdaşlığının və beynəlxalq platformalarda qarşılıqlı dəstəyinin daha da dərinləşəcəyini göstərir. Dövlətimizin başçısının vurğuladığı kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə hazırdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O bildirib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm qərarlar qəbul olundu. Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması tərəflərin uzunmüddətli iqtisadi tərəfdaşlığa sadiqliyini təsdiqləyir. Bu addım yeni investisiya layihələrinin həyata keçirilməsinə, birgə istehsalın genişlənməsinə, məşğulluğun artırılmasına və iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edəcək. İssık-Kul sahilində Azərbaycan tərəfindən inşa edilən və “Bakı” adını daşıyan beşulduzlu hotelin istifadəyə verilməsi isə Azərbaycanın Qırğızıstandakı investisiyalarının uğurlu nümunəsi olmaqla yanaşı, turizm və xidmət sektorunda əməkdaşlığın inkişafına da töhfə verir.
“Humanitar və mədəni əlaqələr səfərin diqqətçəkən istiqamətlərindən biri oldu. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin istifadəyə verilməsi Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyin və iki qardaş xalq arasında həmrəyliyin rəmzidir. Eyni zamanda, Bakıda Çingiz Aytmatovun adını daşıyan park və abidənin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının açılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulan münasibətlərin daha da möhkəmləndiyini göstərir. Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasına görə, Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarova və region ölkələrinin liderlərinə təşəkkürünü ifadə etməsi oldu. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin institusional əsasda inkişaf etdiyini və Türk dünyasında inteqrasiya proseslərində rolunun daha da gücləndiyini göstərir”,- deyə Ə.Məhərrəmzadə vurğulayıb.
Deputat əlavə edib ki, dövlət başçılarının qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif edilməsi – Prezident İlham Əliyevin Qırğızıstanın I dərəcəli “Manas” ordeninə, Prezident Sadır Japarovun isə Azərbaycanın “Heydər Əliyev” ordeninə layiq görülməsi – iki ölkə arasında yüksək etimadın, strateji tərəfdaşlığın və qardaşlıq münasibətlərinin ən yüksək siyasi səviyyədə təsdiqi kimi dəyərləndirilə bilər. Ümumilikdə isə dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin siyasi, iqtisadi, humanitar və regional əməkdaşlıq istiqamətlərində yeni məzmun qazandığını, tərəflərin Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və ortaq inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində iradəsini bir daha nümayiş etdirdi.
