Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri siyasi və iqtisadi nəticələri ilə yanaşı, humanitar əməkdaşlığın, ortaq tarixi yaddaşın və Türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər, dövlət başçılarının mətbuata bəyanatları, mədəni layihələrə verilən yüksək qiymət və qarşılıqlı hörmət nümunələri göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri bölüşən iki qardaş xalqın strateji həmrəyliyidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
O bildirib ki, otuz ilə yaxın dövrdə işğal altında qalmış Qarabağda bu gün yaşayış məntəqələrinin və infrastrukturun yenidən qurulması Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Bu prosesdə dost və qardaş ölkələrin verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır. Qırğızıstanın Ağdamda inşa etdirdiyi “Ayköl Manas” məktəbi yalnız maddi yardım deyil, həm də mənəvi dəstəyin, ortaq taleyin və qardaşlıq münasibətlərinin ifadəsidir.
“Prezident İlham Əliyev bəyanatında humanitar əməkdaşlığın mühüm istiqamətlərinə də toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Qırğızıstanı tarix, mədəniyyət və xalqların görkəmli nümayəndələrinə olan hörmət birləşdirir. Bu baxımdan Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması xüsusi əhəmiyyət daşıyır. Çingiz Aytmatov yalnız Qırğızıstanın deyil, bütün Türk dünyasının və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, görüşün keçirildiyi tarixi binanın da Çingiz Aytmatovun həyatı ilə bağlı olması, divarlarda onun portretlərinin yer alması, səfərin rəmzi məzmununu daha da zənginləşdirirdi. Bu, sadəcə protokol detalı deyil, ortaq mədəni yaddaşa verilən dəyərin ifadəsi idi. Eyni zamanda, dövlətimizin başçısı bir neçə il əvvəl Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının açılışını da xatırlatdı. Həmin park iki xalq arasında dostluğun və qardaşlığın simvoluna çevrilib. Bu cür layihələr dövlətlərarası münasibətləri yalnız siyasi sənədlərlə deyil, insanların gündəlik həyatında hiss olunan mənəvi körpülərlə də möhkəmləndirir.
Son illər Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq sürətlə genişlənir. Qarşılıqlı Mədəniyyət Günlərinin təşkili, teatr kollektivlərinin qastrol səfərləri, musiqi festivalları, kitab sərgiləri, kino həftələri və incəsənət layihələri xalqlar arasında qarşılıqlı marağı artırır. Bu tədbirlər ortaq mədəni köklərin daha yaxından tanınmasına və gələcək nəsillərin bir-birini daha yaxşı tanımasına xidmət edir”, – deyə deputat qeyd edib.
Şahin Seyidzadə vurğulayıb ki, təhsil sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Universitetlər arasında əməkdaşlıq müqavilələrinin imzalanması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq elmi konfransların keçirilməsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi gələcəyin intellektual əməkdaşlığının əsasını təşkil edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən humanitar layihələr də bu prosesə mühüm töhfə verir. Azərbaycan və Qırğızıstan təşkilatın ən fəal üzvlərindən olaraq ortaq tarix, ortaq əlifba, ortaq mədəni irs və ortaq təhsil layihələrinin inkişafına xüsusi önəm verirlər. Bu siyasət Türk dünyasında inteqrasiyanın yalnız iqtisadi və siyasi deyil, eyni zamanda, mənəvi əsaslar üzərində qurulduğunu göstərir.
“Müasir dünyada dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi güclə ölçülmür. Humanitar diplomatiya, mədəni əlaqələr, ortaq tarixi irsin qorunması və xalqlar arasında etimadın möhkəmləndirilməsi də beynəlxalq münasibətlərin mühüm elementinə çevrilib. Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək Türk dünyasında mənəvi inteqrasiyanın aparıcı təşəbbüskarlarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin əsasını yalnız ortaq maraqlar deyil, həm də ortaq kimlik, ortaq tarix və ortaq gələcək baxışı təşkil edir. Azərbaycan və Qırğızıstan bundan sonra da ortaq dəyərlərə söykənən əməkdaşlığı inkişaf etdirərək Türk dünyasının həmrəyliyinə, regionda sülhə, sabitliyə və qarşılıqlı inkişafa mühüm töhfələr verməyə davam edəcəklər”, – deyə Milli Məclisin deputatı əlavə edib.
