2026/2027-ci tədris ilində Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə 38 ixtisasa tələbə qəbulu həyata keçirilir.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qəbul planına iqtisadiyyat, idarəetmə, pedaqogika, mühəndislik, informasiya texnologiyaları, turizm və digər müasir istiqamətlər üzrə ixtisaslar daxildir. Cari ildən etibarən universitetdə ilk dəfə olaraq bakalavriat səviyyəsində ingilis dilində tədris aparılacaq ixtisaslara da tələbə qəbulu keçiriləcək. Abituriyentlər kompüter elmləri və turizm işinin təşkili ixtisasları üzrə ingilis dilində təhsil almaq imkanı əldə edəcəklər. Bu yenilik tələbələrin xarici dil biliklərinin inkişafına, beynəlxalq akademik mühitə inteqrasiyasına və qlobal əmək bazarına daha hazırlıqlı mütəxəssis kimi yetişməsinə xidmət edir.
MDU-nun İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə bildirir ki, ali təhsil seçimi gənclərin həyatında verilən ən mühüm qərarlardan biridir. Mingəçevir Dövlət Universiteti müasir təhsil mühiti, peşəkar professor-müəllim heyəti və davamlı inkişaf edən beynəlxalq əlaqələri ilə tələbələrinə uğurlu gələcək qurmaq üçün etibarlı imkanlar təqdim edir. MDU-da təhsil almaq təkcə diplom əldə etmək deyil, həm də bilik, bacarıq və peşəkar karyera üçün möhkəm təməl qazanmaq deməkdir. MDU nüfuzlu beynəlxalq reytinqlərdə yer alaraq inkişaf tempini ildən-ilə artırır. Bu uğurlar universitetin təhsil keyfiyyətinin yüksəldiyini və beynəlxalq səviyyədə tanındığını göstərir. Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik sahəsində uğura imza atan ali təhsil müəssisəsidir və tələbələrin xaricdə təhsil alması, mübadilə proqramlarında iştirak etməsində daim maraqlıdır.
“Orhun” mübadilə proqramı çərçivəsində növbəti tədris ilindən 56 tələbəmizin türk dövlətlərində bir semestr təhsil alması üçün şərait yaratmışıq”, – deyə Qurban Qurbanzadə əlavə edib.
Sübhanə Abuşova MDU-nun təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə III kurs tələbəsidir. Gənc qız ali təhsil müəssisəsinin yaratdığı imkanlardan yararlanacaq tələbələr sırasındadır. “Orhun” mübadilə proqramının qalibiyəm. Biz Türkiyədə bir semestr ərzində təhsil alacağıq və bütün abituriyentləri bu şanslardan yararlanmağa dəvət edirəm”, – deyə o vurğulayıb.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə isə ali təhsil müəssisəsinin abituriyentlərə təqdim etdiyi mühüm imkanlardan biri olan ikili diplom proqramlarından danışıb. Onun sözlərinə görə, MDU Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində elektrik mühəndisliyi və elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramlarına qəbul aparılır. Proqram tələbələrə hər iki ali təhsil müəssisəsinin akademik imkanlarından yararlanmaq və fərqli tədris mühitlərində bilik və praktiki bacarıqlar qazanmaq imkanı verir. Yeni tədris ilində universitetin ixtisas portfelinə əmək bazarının müasir tələblərinə uyğun yeni istiqamətlər də əlavə olunub. Beynəlxalq ticarət və logistika ixtisası beynəlxalq ticarət münasibətləri, logistika, təchizat zəncirinin idarə olunması, nəqliyyat və gömrük əməliyyatları üzrə mütəxəssislərin hazırlanmasına yönəlib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası isə sənaye və istehsal müəssisələrində texnoloji proseslərin avtomatlaşdırılması, rəqəmsal idarəetmə sistemləri və müasir mühəndislik texnologiyaları üzrə kadr hazırlığını nəzərdə tutur.
Mingəçevirdə 7 hektarlıq ərazidə inşa edilən, 10 min nəfər tələbə tutumu olan, tələbə yataqxanası, hotel, müasir kitabxana, konfrans zalı, açıq və qapalı idman infrastrukturu, biznes inkubasiya mərkəzi, sosial fəaliyyət zonaları, yaşıllıq əraziləri ehtiva edəcək yeni universitet kampusu da bu ali təhsil ocağının abituriyentlərə müasir biliklərə, praktik bacarıqlara və geniş inkişaf imkanlarına əsaslanan tələbəyönümlü təhsil mühiti təqdim etdiyini göstərir.
