AZƏRTAC xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı soydaşlarımızla silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Musa Mirzəyevin nəvəsi, bəstəkar İlyas Mirzəyevin qızı Günay Mirzəyevadır.
O, ilk musiqi təhsilini Leopold və Mstislav Rostropoviçlər adına məktəbdə, daha sonra isə Asəf Zeynallı adına Musiqi Kollecində alıb. Hələ kollecdə təhsil aldığı dövrdə Bakı Musiqi Akademiyasında professor Xəyyam Mirzəzadədən bəstəkarlıq üzrə ilk dərslərini alıb, sonradan isə professor İsmayıl Hacıbəyovun və Aydın Əzimovun bəstəkarlıq sinfində təhsilini davam etdirib. Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Proqramının təqaüdçüsü olan Günay Mirzəyeva Ştutqart Konservatoriyasını, Romadakı Santa Çeçiliya Konservatoriyasını və dünyaşöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq üzrə doktorantura təhsili aldığı Karlsrue Konservatoriyasını bitirib.
Hazırda Günay Mirzəyeva Almaniyada yaşayır və fəaliyyət göstərir. O, uzun illərdir bəstəkar Françesko Maco ilə birlikdə bir sıra Avropa ölkələrində Azərbaycan musiqisini və mədəniyyətini uğurla təbliğ edir. Ştutqartdakı Azərbaycan Mədəniyyət Mərkəzinə və Azərbaycan Evinə rəhbərlik edir.
Günay Mirzəyeva ilə müsahibəni təqdim edirik.
– Günay xanım, görkəmli musiqiçi ailəsinin nümayəndəsi olmaq və bu ənənəni davam etdirmək necə hissdir?
– Ailə ənənəsini davam etdirmək böyük şərəf və məsuliyyətdir. Mən musiqinin, sadəcə, peşə deyil, həyat tərzi olduğu bir ailədə böyümüşəm. Babam – Xalq artisti, professor, “Şərəf” və “Şöhrət” ordenlərinin kavalerı, bəstəkar Musa Mirzəyev, nənəm – jurnalist, “Qızıl qələm” mükafatının və “Şöhrət” ordeninin laureatı Svetlana Mirzəyeva, atam – bəstəkar İlyas Mirzəyev və anam – Azərbaycan Dövlət Televiziya və Radiosunun Cahangir Cahangirov adına xorunun bədii rəhbəri və dirijoru Şahla Ələkbərova uşaqlıqdan musiqi dünyagörüşümü formalaşdırıblar. Onların sənətə bağlılığı, peşəkarlığı və milli mədəniyyətə sevgisi mənim üçün əsas nümunə olub. Bununla yanaşı, həmişə öz yaradıcılıq yolumu, musiqi dilimi tapmağa və sadəcə, ailə ənənələrini davam etdirməyə deyil, baxışımı əlavə etməklə onları inkişaf etdirməyə çalışmışam. Mənim üçün ailəmin irsi ilə əlaqəni qorumaqla yanaşı, yeni və müasir nəsə yaratmaq vacibdir.
– Siz Azərbaycan musiqisini və mədəniyyətini xaricdə fəal təbliğ edirsiniz. Fəaliyyətiniz barədə ətraflı danışardınız…
– Təxminən 16 ildir Almaniyada yaşayıram. 2008-ci ildə 2007–2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Proqramı çərçivəsində təhsilimi davam etdirmək üçün buraya gəlmişəm. Dövlətimizin başçısının təqaüdünü aldıqdan sonra Ştutqart Musiqi və İfaçılıq Sənəti Ali Məktəbinin magistraturasına qəbul oldum. Daha sonra təhsilimi Karlsrue Musiqi Ali Məktəbində, sonralar isə Romadakı Santa Çeçiliya Konservatoriyasında davam etdirdim.
İtaliyalı bəstəkar Françesko Maco ilə birlikdə mütəmadi olaraq Bakıda yaradıcılıq layihələri həyata keçirir, konsertlər və müəllif proqramları ilə çıxış edirik. Bundan əlavə, Azərbaycan orkestrləri və musiqiçiləri ilə fəal əməkdaşlıq edir, həmçinin italiyan və alman həmkarlarımızla birgə layihələrimizi inkişaf etdiririk.
Almaniyaya köçdüyüm vaxtdan muğam yaradıcılığımın ayrılmaz hissəsinə çevrilib. Mən öz əsərlərimdə ondan fəal şəkildə istifadə edir, həmçinin Azərbaycan milli xalq çalğı alətləri üçün musiqi bəstələyirəm. Bu illər ərzində Azərbaycan musiqi mədəniyyətinin ənənələri ilə müasir bəstəkarlıq dilinin sintezinə əsaslanan çoxsaylı irimiqyaslı layihələr həyata keçirilib.
Azərbaycanın musiqi mədəniyyətinin xaricdə qorunması və onun nümayiş etdirilməsi fəaliyyətimdə xüsusi yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan mədəniyyətinin və incəsənətinin beynəlxalq arenada geniş şəkildə təqdim olunması üçün möhkəm təməl qoyulub. Biz beynəlxalq layihələr həyata keçirməklə, mədəni əlaqələri möhkəmləndirməklə və xarici auditoriyanı Azərbaycanın zəngin musiqi irsi ilə tanış etməklə bu ənənəni davam etdiririk.
– Bəs, xarici auditoriya Azərbaycan musiqisinə necə münasibət göstərir?
– Fəaliyyət göstərdiyimiz illər ərzində çoxsaylı birgə layihələr həyata keçirilib. Tamaşaçılar həmişə musiqimizi böyük maraq və heyranlıqla qarşılayıblar. Lakin bizim üçün, xüsusilə dəyərli olan odur ki, musiqimiz əməkdaşlıq etdiyimiz peşəkar musiqiçilərə, orkestrlərə, ansambllara və ifaçılara da böyük təsir bağışlayıb.
Bunlar, sadəcə, birgə layihələr deyildi. Repetisiyalar zamanı əsl yaradıcılıq mübadiləsi baş verirdi. Məsələn, muğam triosu ilə işləyərkən musiqiçilər yeni ifa üsullarını kəşf edir, Azərbaycan musiqi mədəniyyətinin ənənələri ilə tanış olur və böyük maraqla bu dünyaya daxil olurdular. Onların bir çoxu etiraf edirdilər ki, musiqimizin zənginliyi və dərinliyi onları səmimi qəlbdən heyran edib.
– Siz həm də Ştutqartdakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri, Almaniyadakı Azərbaycanlılar Alyansının İdarə Heyətinin üzvüsünüz. Bu barədə nə deyə bilərsiniz…
– 2015-ci ildə Ştutqartda Azərbaycan Mədəniyyət Mərkəzi açıldı. Daha sonra, 2026-cı ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evi açıldı. Biz göstərilən etimada, hərtərəfli dəstəyə, eyni zamanda, Azərbaycan mədəniyyətinin, dilinin və milli ənənələrinin qorunması və təbliği məkanına çevrilən bu mühüm mədəni məkanın yaradılmasına görə Dövlət Komitəsinə səmimi minnətdarlığımızı bildiririk.
Azərbaycan Evində mütəmadi olaraq, Azərbaycan dili kursları keçirilir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, xaricdə ana dilinin qorunması və öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, burada uşaqların böyük həvəslə iştirak etdikləri musiqi məşğələləri də keçirilir və onlar Azərbaycanın zəngin musiqi mədəniyyəti ilə tanış olurlar.
Bizim Azərbaycan Evimiz hər kəs üçün açıqdır. Biz yalnız soydaşlarımız arasında mədəniyyətimizi qorumağa və inkişaf etdirməyə deyil, həm də digər millətlərin nümayəndələrini onunla tanış etməyə çalışırıq. Burada mütəmadi olaraq konsertlər, sərgilər, ustad dərsləri və digər mədəni tədbirlər keçirərək, mədəniyyətlərarası dialoq üçün məkan yaradırıq.
Hazırda burada italyan bəstəkar və rəssam Françesko Maconun Azərbaycanın simvollarınadan olan nar, eləcə də Şəkinin mədəni irsinə, xüsusilə Xan sarayına və onun freskalarına həsr olunmuş sərgisi keçirilir. Belə layihələr Avropa auditoriyasını Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış etməyə kömək edir.
Eyni zamanda, biz Azərbaycandakı alman məskənlərinin, ilk növbədə Yelenendorf və Annenfeldin tarixinə həsr olunmuş yeni layihələri inkişaf etdirməyi planlaşdırırıq. Bu əməkdaşlıq çərçivəsində sərgilərin, konsertlərin, yaradıcılıq görüşlərinin, mühazirələrin və digər belə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. İlk alman köçkünlərinin məhz bu gün Azərbaycan Evimizin yerləşdiyi Baden-Vürtemberq ərazisindən Azərbaycana gəlməsi, xüsusilə rəmzi məna daşıyır. Bu tarixi əlaqə fəaliyyətimizi, xüsusilə dəyərli edir və Azərbaycan ilə Almaniya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açır.
– Xarakterinizdə həyatda, yaradıcılığınızda sizə kömək edən sırf azərbaycanlılara xas hansısa özəllik varmı?
– Həyatımda hərəkətverici qüvvə Azərbaycana sonsuz sevgim və Vətənim üçün faydalı olmaq istəyimdir.
Məhz bu, həm həyatda, həm də yaradıcılığımda mənə kömək edir. Harada olmağımdan asılı olmayaraq, ölkəmi, onun zəngin musiqi ənənələrini və mədəni irsini layiqincə təmsil etmək məsuliyyətini həmişə hiss edirəm.
Bundan əlavə, azərbaycanlılara qonaqpərvərlik, səmimiyyət və insanları bir araya gətirmək bacarığı çox xasdır. Bu keyfiyyətlər Ştutqartdakı Azərbaycan Evindəki və Mədəniyyət Mərkəzindəki fəaliyyətimdə mənə kömək edir. Burada biz mədəniyyətlər arasında açıq dialoq və qarşılıqlı hörmət mühiti yaratmağa çalışırıq. Mənim üçün bu, sadəcə, ilham mənbəyi deyil, həm də şəxsiyyətimin və yaradıcılıq missiyamın mühüm hissəsidir.
