Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir. Son dövrlər İslam maliyyəsi məhsulları təqdim olunur. Bu məhsullara müraciətlərin formasına və tərkibinə nəzər saldıqda belə nəticəyə gəlmək olar ki, bu marağın bir neçə istiqaməti var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.
O bildirib ki, insanlar İslam maliyyəsi dedikdə bunun faizsiz olduğunu düşünürlər.
“Bununla yanaşı, elə düşünənlər də var ki, burada yardım göstərilir və ya vəsaiti aldıqdan sonra ödənişi istədiyin vaxt gecikdirmək mümkündür. Həmçinin bəzi insanlar düşünürlər ki, dindar olduqları halda onlara vəsait veriləcək. Son dövrlər müraciət edənlərin içərisində elə düşünənlər var ki, özləri aldıqları krediti İslam maliyyəsi hesabına bağlasınlar. Yəni maraq daha çoxdur. Bununla yanaşı, ciddi maraqlar da var. Bu maraqları qarşılayacaq hələlik “Murabaha” alətidir. Amma İslam maliyyəsi ilə bağlı digər alətlər, o cümlədən “Salam”, “İcаrə” kimi alətlərin də inkişafına ehtiyac var. Çünki müraciətlərin əksəriyyətində məhz bu alətlərə uyğun gələn layihələr çoxluq təşkil edir”, – deyə ekspert qeyd edib.
Ruslan Atakişiyevin sözlərinə görə, marağın zəif olduğu istiqamətlərdən biri açılmış İslam maliyyəsi alətlərinə pul qoyuluşlarıdır: “Bu gün hələ də gözlənilən qədər pul yığılmır, pul qoyuluşu etməkdə maraq azdır. Çoxları elə bilir ki, mənfəətə görə ortaqlıqda zərər edə bilərlər. Düşünürlər ki, zərər etməsinlər, bank faizi kimi mənfəət götürsünlər. Burada informasiya məhdudluğu da var. Təxminən ortaqlıq payı 80-20 nisbətində təklif olunsa da, bugünkü bazarda bu göstərici 8-9 faizə gəlib çıxır. İkincisi də, bu gün 100 min manata qədər verilən vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bəziləri hələ də İslam maliyyəsi alətlərinin tam şəkildə İslam şəriətinə uyğunluğuna şübhə edirlər.
Hesab edirəm ki, cəmiyyətin bu sahəyə marağı davam etdirilməlidir. Özümüzün apardığımız maarifləndirmə tədbirlərinin nəticəsində görürük ki, gələnlər əvvəlcə şübhə ilə yanaşırdılarsa, görüşün sonunda artıq İslam maliyyəsi alətlərinə maraqları artır”.
