Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, həmçinin sosial şəbəkələrdən istifadə səviyyəsinin və onların cəmiyyətə təsirlərinin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib.
MEDİA-dan AZƏRTAC-a bildirilib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 88,2 faizi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2 faiz təşkil edir. Həmin respondentlərin 67,9 faizi övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.
Sorğu iştirakçılarının 87,5 faizi hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir. Respondentlərin 93,1 faizi isə sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun sayır.
Sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti, yəni 81,8 faizi informasiyanı sosial şəbəkələrdən əldə edir. Məlumat mənbələri arasında sonrakı yerlərdə televiziya 55,9, xəbər saytları 48,8, ailə üzvləri və ətrafdakı şəxslər 37,9, radio 5,8, xarici media 4,8, qəzet və jurnallar isə 2,8 faizlə qərarlaşıb.
Gənclər arasında informasiyanı sosial şəbəkələrdən əldə edənlərin payı 94,1 faiz təşkil edir.
Məlumat mənbələrinə ictimai etimad səviyyəsinə görə ilk yeri 64,6 faizlə televiziya tutur. Sonrakı yerlərdə xəbər saytları 43, sosial şəbəkələr 31,4, radio 20,2 və qəzetlər 9,6 faizlə yer alıb.
Sosial şəbəkələrdən istifadə məqsədləri arasında gündəmi izləmək və məlumat əldə etmək 78,2 faizlə ilk yerdə qərarlaşıb. Sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı isə bu platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu, ümumiyyətlə, yoxlamırlar.
Sorğunun nəticələri ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinə yönəlmiş tədbirlərin geniş ictimai dəstəyə malik olduğunu göstərir. Respondentlər hesab edirlər ki, sosial şəbəkələrin yaratdığı risklər yalnız fərdi və ya ailə səviyyəsində nəzarət vasitəsilə aradan qaldırıla bilməz.
Bununla yanaşı, nəticələr informasiya mənbələrinə ictimai etimad səviyyəsində ənənəvi medianın əsas subyektləri olan televiziya kanalları və xəbər saytlarının xüsusi mövqeyə malik olduğunu göstərir.
Qeyd edək ki, ictimai rəy sorğusu iyulun 25-dən avqustun 2-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin olunub. Sorğunun xəta əmsalı təxminən 3 faiz təşkil edir.
