Sudan ordusu ilə Səudiyyə Ərəbistanı, ABŞ və Hökumətlərarası İnkişaf Təşkilatının təmsil etdiyi çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında dolayı danışıqlarda vasitəçilər onları qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəliblər. Bu barədə Sudan Tribune portalı çevik reaksiya qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Eyni zamanda portal qeyd edib ki, bu məsələ ilə bağlı vasitəçilərin nümayəndələrindən heç bir rəsmi məlumat daxil olmayıb. Çevik reaksiya qüvvələrinin Sudan ordusunun bölmələrini şəhərlərdən və mülki infrastrukturdan çıxarmaq tələbini rədd etməsindən sonra məsləhətləşmələr dayandırılıb.
Noyabrın 7-də Sudan ordusu və çevik reaksiya qüvvələri Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqların növbəti raundundan sonra qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsi, eləcə də döyüşlərdən zərər çəkmiş bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək barədə razılığa gəliblər. Bundan əlavə, Sudan ordusu və çevik reaksiya qüvvələri humanitar işçilərin hərəkət azadlığını təmin etmək üçün ümumi əsasları müəyyən etməli, münaqişə tərəflərinin komandanlığı arasında əlaqə kanalları yaratmalı, döyüşlər zamanı həbsxanalardan qaçan cinayətkarları tapıb tutmalı idi. Sudan Tribune qeyd edir ki, razılaşmaların əksəriyyəti yerinə yetirilməyib. (Tass)