Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan bildirilib. Tədbirdə institutun Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy elmi redaktoru olduğu kitab haqqında məlumat verib. Alim qeyd edib ki, müasir Azərbaycan filoloji-humanitar fikrinin, nizamişünaslığın görkəmli nümayəndəsi, çoxsaylı kitabların, problematik və aktual elmi paradiqmaların müəllifi professor Ramazan Qafarlı milli folklorumuzun tədqiqi sahəsində də əvəzolunmaz xidmətlər göstərib, Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verib. Mifologiyaya, “Kitabi-Dədə Qorqud” eposuna, uşaq folkloruna, epik folklorda janrlararası əlaqələrə dair sanballı əsərlərin müəllifi olan alim, həmçinin Nizami Gəncəvi yaradıcılığının tədqiqatçısı kimi tanınır. Professor vurğulayıb ki, bu monoqrafiya müəllifin, sadəcə, növbəti əsərlərindən biri olmayıb, onun bütün yaradıcı ömrünün mahiyyətini, intellektual əyarını, Azərbaycanın filoloji fikir məkanında məhz ona məxsus olan düşüncəni əks etdirən “tale” kitabıdır. Kitabda müəllif Nizami poeziyasında türkçülük ideologiyası məsələsini ön plana çəkir. Türklük, türk milli kimliyi alimin Nizamiyə yanaşmasında daim mövcud olan təhlil aspektləridir.
Sonra filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu “Ramazan Qafarlı və Bəxtiyar Vahabzadə yaradıcılığı” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin 12 cildliyinin tərtibçisi, elmi redaktoru olan Ramazan Qafarlı, həm də bu cildlərin hər birindəki “Ön söz”ün müəllifidir.
Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Qalib Sayılovun “Nizamişünaslıqda trafaretlərdən və tavtoloji stereotiplərdən kənar yeni sərgi” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, Ramazan Qafarlı indiyə kimi heç kimin toxunmadığı maraqlı mətləblərə toxunur, Nizaminin əsərlərini tavtoloji deyil, elmi və fəhmi ilə aydınlatmağa nail olur.
Tədbirdə filologiya elmləri doktoru Rüstəm Kamal, Mifologiya şöbəsinin aparıcı elmi işçisi Elçin Qaliboğlu, AMEA Rəyasət Heyətinin elmi katibləri – Səfa Qarayev və Hikmət Quliyev, Əməkdar müəllim Zülfiyyə Vəliyeva və Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi Qiymət Məhərrəmli Ramazan Qafarlının yeni çap olunan kitabı haqqında fikirlərini bölüşüblər.
Sonda çıxış edən müəllif kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, məruzəçilərə və tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirib.