Birləşmiş Ştatlar humanitar fasilənin bərpası və Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının saxladığı girovları azad etmək üçün işlərini davam etdirir. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasına müsahibəsində bildirib.
“Girovlar arasında səkkiz amerikalının olduğuna inanırıq. Onlardan ən azı biri qadındır. Onların azad edilməsi üçün əlimizdən gələni edirik. Biz regiondakı tərəfdaşlarımızla davamlı olaraq humanitar fasiləni bərpa etməyə çalışırıq. ” deyib.
“Biz açıq şəkildə HƏMAS-ın İsrail xalqı üçün təhlükə olaraq aradan qaldırılmasını istəyirik. Buna hələ nail olunmayıb” deyən Kirbi, ABŞ-ın anklavın cənubunda “İsrailin hərbi əməliyyatını dəstəkləməyə davam etdiyini” əlavə edib. “Eyni zamanda, biz əmin olmaq istəyirik ki, onlar [israillilər] günahsız mülki şəxslərin [həyatları üçün riskləri] mümkün qədər nəzərə alsınlar”, – deyə o, yekunlaşdırıb.
Daha əvvəl CNN məlumat vermişdi ki, humanitar atəşkəsin bərpası və girovların qaytarılması ilə bağlı rəsmi danışıqların yaxın gələcəkdə bərpa ediləcəyi ehtimalı yoxdur. Onun sözlərinə görə, çətin ki, ABŞ prezidenti Co Bayden administrasiyası amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilsin və HƏMAS-ın Vaşinqtona “hər hansı xüsusi xidmət” göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. (Tass)