Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Bəli, məhz öz torpaqlarında! Bundan böyük qürur və sevinc hiss ola bilməz.


Digər mühüm amil ondan ibarətdir ki, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarda yaradılan qondarma, heç kim, hətta Ermənistan tərəfindən tanınmayan separatçı qurumun mövcudluğuna son qoyulub.Üçüncüsü, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbitidir.

Beləliklə, bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək – sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. 2024-cü il fevral seçkiləri hətta Azərbaycanın yüz illik tarixinə düşəcək bir seçki olacaq. İşğaldan azad olunmuş bütün torpaqlarda – Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Zəngilan və s torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı müdrik lider, böyük diplomat, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq.Report.