Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşlarının həyat yoldaşlarının həmrəylik dərnəyinin (DMEDD) təşkilatçılığı ilə xeyriyyə yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təhsil və səhiyyə sahəsi üzrə xeyriyyə fəaliyyətlərinə dəstək məqsədilə keçirilən yarmarkaya Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklər də qatılıb.
“ABAD” və “AZPROMO”nun dəstəyi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin fəal iştirak etdiyi yarmarkada Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatları, yerli içkiləri, həmçinin ölkəmizə aid suvenirlər, kəlağayılar və digər məhsullar satışa çıxarılıb. Xeyriyyə aksiyasına dəstək məqsədilə edilən satışlardan əldə olunan gəlir DMEDD-in hesabına köçürülüb.
Azərbaycan məhsullarının təqdim olunduğu stendlər iştirakçıların ən çox ziyarət etdiyi guşələrdən olub.
Xeyriyyə yarmarkasının təşkil olunduğu salonda Azərbaycanın milli rəqsləri “Sarı gəlin” və “Nazeləmə” nümayiş etdirilib.