Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin ordunun aktivində qaldığını və lazım gəldikdə istifadə olunacağını bildirib. O, bu barədə NTV telekanalının efirində deyib.
“S-400 müdafiə silahıdır. Bizə hücum edilərsə, cavab olaraq silahdan istifadə etmirikmi? Ordumuz nəyi və necə edəcəyini peşəkar səviyyədə bilir. Müdafiə silahlarından istifadəni tələb edən vəziyyət yarananda o zaman bu silahlarla bağlı sualı olan insanlar S-400 və ya digər hava hücumundan müdafiə sistemlərimizin necə istifadə olunacağını görəcəklər”.
Belə ki, o, sosial şəbəkələrdə Türkiyədə S-400-lərin istifadəsi və aktivləşdirilməsi ehtimalı ilə bağlı davam edən müzakirələrə və fərziyyələrə münasibət bildirib.
Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 hava hücumundan müdafiə sistemləri alıb.2019-cu ilin oktyabrında Rosoboronexport şirkəti bu sistemlərin tədarükü ilə bağlı müqavilənin tamamlandığını açıqlayıb. O zaman respublikanın S-400 səviyyəsində və imkanlarında hava təhdidlərinə qarşı müdafiə sistemləri yox idi. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin 2022-ci ilin avqustunda verdiyi məlumata görə, Türkiyəyə ikinci S-400 alayının tədarükü ilə bağlı müqavilə imzalanıb, bu, ayrı-ayrı komponentlərin istehsalının lokallaşdırılmasını nəzərdə tutur.