AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla anılıb.
Səhnə əsərinin prodüseri İntiqam Hacılı bildirib ki, sənədli teatr-verbatim janrında tamaşa Azərbaycan teatrı tarixində bir ilkdir və tamaşanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin fəaliyyətini tamaşaçılara və yeni nəslə çatdırmaqdır.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi ölçüyəgəlməz işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir və yeni-yeni qələbələr qazanılır.
Şair-publisist Qəşəm Nəcəfzadə tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolundan danışıb.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyətindən bəhs edən tamaşaya baxılıb. Verbatim tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova və digər istedadlı aktyorlar ifa ediblər.