Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən daha bir qrup şəxsin (13 nəfər) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən ikisinin vəkili məhkəmədə iştirak etmədiyi üçün hazırlıq iclası dekabrın 27-də davam etdiriləcək.
İş üzrə zərərçəkmiş şəxs kimi sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb.
İttihama görə, Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev təqsirli bilinir.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 278.2 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə – Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddəsi ilə ittiham verilib.