Amerika administrasiyası İsrailin Qəzza zolağında su basdığı yeraltı tunellərdə Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girovların ola biləcəyini istisna etmir. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
O, bununla bağlı suala cavab olaraq bildirib ki, azad edilən girovlardan bəziləri tunellərdə saxlandıqlarını deyir. “Buna görə də HƏMAS-ın ən azı bəzilərini tunellərdə saxlaya biləcəyini istisna etmək olmaz”, – Kirbi bildirib. Eyni zamanda o qeyd edib ki, tunelləri su basması məsələsi İsrail rəhbərliyinə ünvanlanmalıdır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında tunellərdə girovların olub-olmadığını dəqiq bilmədiyini bildirərək, İsrail tərəfinin mülki şəxslərə zərər vurmaması üçün əlindən gələni etməli olduğunu vurğulayıb.
Wall Street Journal bundan əvvəl İsrail əsgərlərinin Qəzza zolağında HƏMAS yaraqlılarının istifadə etdiyi yeraltı tunellər sisteminə dəniz suyunu vurmağa başladığı barədə məlumatları dərc etmişdi. (Tass)