Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
MEK-in direktoru professor Məmməd Əliyev rəhbərlik etdiyi müəssisədə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün kitabxana sistemində ilk olaraq, Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradıldığını vurğulayıb. “İstər Birinci Qarabağ müharibəsində, istərsə də Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində igidlərimiz çiyin-çiyinə vuruşdu. Qəhrəman şəhidlərimizin hər birinin haqqında yazılan kitablar çox dəyərlidir və onlarla qürur duyuruq. Onlar bizim qəlbimizdə əbədi xatırlanacaq və bu kitab da MEK-in fondunda öz layiqli yerini tutacaq”,- deyə direktor qeyd edib.
Milli Məclisin deputatı Səbinə Xasayeva son illər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, kitablar yazıldığını bildirib, həmçinin Vətən uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılmasının, gələcək nəsillərə bu ideologiyanın ötürülməsinin ən vacib məsələlərdən olduğunu diqqətə çatdırıb. “Qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandanımıza, şanlı Ordumuzun bütün zabit və əsgərlərinə borcluyuq”,- deyə deputat qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bütöv Azərbaycan uğrunda apardığı haqlı mübarizənin Vətən müharibəsində parlaq və qeyd-şərtsiz qələbəsinin məntiqli nəticəsi kimi, bu gün üçrəngli bayrağımızın Xankəndidə yüksəldiyini, tarixi ədalətin bərqərar olduğunu qeyd edib. O, şəhidlərimizə Allahdan rəhmət diləyib, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər zaman dövlətin, ölkə rəhbərinin ətrafında sıx birləşən Qarabağ qazilərinə isə cansağlığı arzulayıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Vətən müharibəsi iştirakçısı Radif Mustafayev qeyd edib ki, canları, qanları bahasına vuruşan, bizə bu qüruru və sevinci yaşadan şanlı Ordumuzun bütün əsgər və zabitlərinə qəhrəmanlıq dastanları yazılmalı, onları unutmamalı, daim yaşatmalıyıq.
Şəhidin valideynləri ailələrinə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini deyib, oğulları haqqında xatirələrini bölüşüblər. Elşən Müslümovun Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını, Bakıda II Fəxri xiyabanda dəfn edildiyini vurğulayıblar. Şəhid valideynləri onları hər zaman əziz tutanlara səmimi duyğulara görə təşəkkür ediblər.
Kitabın müəllifləri Elşən və Şəhanə Abdullayevlər əsərin ərsəyə gəlməsindən, şəhidin igidliyi və qəhrəmanlığından, keçdiyi 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs ediblər.
Tədbirdə digər çıxış edənlər müstəqilliyimizin əbədi, torpaqlarımızın azad, şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.
Sonda şəhidin qızı Elnaz Müslümova “Azərbaycan” şeirini səsləndirib.