Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün beynəlxalq koalisiyanın yaradılması Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilərin qərarına təsir etməyəcək. Bunu TASS-a hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam deyib.
“Dəniz koalisiyasının yaradılıb-yaradılmamasından asılı olmayaraq, Fələstin məsələsində mövqeyimiz dəyişməyəcək. Biz məzlum Fələstin xalqını dəstəkləməyə davam edəcəyik”, o, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirmək niyyətini açıqlamasını şərh edərkən bildirib.
Ənsar Allah nümayəndəsi vurğulayıb ki husilərin ticarət gəmilərinə hücumları “nə güc nümayişi, nə də kiməsə meydan oxumaqdır”, çünki “onlar yalnız Fələstin xalqına İsrailin təcavüzünə və Qəzza zolağının blokadasına müqavimət göstərməkdə dəstək olmaq məqsədi daşıyır”. (Tass)