AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla da “KOB dostu” ofislərinin sayı ölkə üzrə 47-yə çatıb.
Tədbir ilə əlaqədar “KOB dostu” ofisi ilə tanışlıq olub və Lerik rayonunda sahibkarlarla görüş keçirilib. Müvafiq dövlət qurumlarının və rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunan görüşdə biznesin ehtiyaclarına, sahibkarların qarşılaşdıqları çətinliklərə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib.
Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışlarda Lənkəran-Astara iqtisadi rayonunda biznes üçün potensial, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə yeniliklər, o cümlədən KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlər barədə məlumat verilib. Qeyd edilib ki, Lerik rayonu əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Bununla belə burada turizm, heyvandarlıq və arıçılıq kimi sahələrdə biznes fəaliyyəti üçün imkanlar genişdir. Regiondakı 5 “KOB dostu” ofisi bölgədə yeni bizneslərin yaranması, mövcud sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi, iş adamlarının problemlərinin həlli və qanuni maraqlarının müdafiəsi istiqamətində dəstək göstərir. Bölgədə sayca 5-ci KOB dostu ofisinin Lerikdə fəaliyyətə başlaması ilə “KOB dostu” şəbəkəsi Lənkəran-Astara iqtisadi rayonuna daxil olan 6 inzibati rayondan 5-ni əhatə edir. “KOB dostları” fəaliyyət göstərdiyi ərazi ilə yanaşı, ətrafdakı şəhər və rayonlara da xidmət göstərirlər.
Tədbirdə, həmçinin KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bölgəyə səfər çərçivəsində KOBİA nümayəndələri Lənkəran rayonunda arıçılıq təsərrüfatının fəaliyyəti ilə də tanış olub, sahibkarın biznes ehtiyacları ilə maraqlanıblar. Qeyd edək ki, müvafiq təsərrüfatın sahibinə arıçılıq təsərrüfatında məhsuldarlığı artıran avadanlığın hazırlanması üçün KOBİA tərəfindən qrant ayrılıb.