Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər düşərgəsinin açılış mərasimi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə açılıb.
Düşərgə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının sədr müavini və Gənclər Birliyinin üzvü Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə, “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musayev və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova çıxış ediblər.
Onlar düşərgənin gənclərin vətənpərvər ruhda yetişməsində, tariximizə və milli-mənəvi dəyərlərə bağlılığının daha da möhkəmləndirməsindəki rolundan danışıb, Qərbi Azərbaycan reallıqlarının gənclərə faktlar əsasında çatdırılmasının vacibliyini vurğulayaraq, könüllüləri beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıblar.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində dekabrın 24-dək davam edəcək gənclər düşərgəsində “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllüləri iştirak edir.
Düşərgənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.