Türkiyə və Rusiya Federasiyasının xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub, onlar Azərbaycan və Ermənistan arasında nizamlanmanı müzakirə ediblər. Bu barədə diplomatik mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.
Telekanal Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərindən sitat gətirir: “Nazir Fidan tezliklə sülh müqaviləsinin bağlanmasının vacibliyini qeyd edib”.
Rusiya daha əvvəl Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun çox yaxın vaxtlarda təşkilini təklif etmişdi. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə MDB ölkələrinin bütün liderlərinə dəvət göndərib. Eyni zamanda, o, MDB sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin imzalanması məsələsini müzakirə etmək üçün mümkün üçtərəfli görüşün perspektivləri ilə bağlı proqnoz verməkdən yayınıb. (Tass)