“Report” xəbər verir ki, konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi yad edilib.
Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Akademik U.Ələkbərov nitqində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə
yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib.

Elmi praktik konfransın açılışında Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisinin deputatı, Siyasi araşdırmalar institutunun direktoru, professor Elman Nəsirov, Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə, Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digərləri çıxış ediblər.

Çıxışlarda ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman xüsusi qayğı ilə yanaşdığını onlara böyük etimad göstərdiyini vurğulayıblar. Natiqlər qeyd ediblər ki, bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük ümüdlər bəslənilməsi Ulu Öndər tərəfindən təməli qoyulan gənclər siyasətinin davamıdır.
Daha sonra elmi-praktik konfrans bölmə iclaslarında öz işini davam etdirib.