AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün təşkil olunan mühazirələr davam edir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, bu dəfə institutun Ərəb filologiyası şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülşən Həmidli “Azərbaycanda ərəb dilçiliyi” mövzusunda mühazirə oxuyub. Alim ərəb dilçiliyinin Azərbaycanda inkişaf mərhələlərindən danışıb. O, ərəb filologiyasının, o cümlədən ərəb dilçiliyinin inkişafında mühüm rol oynamış, IX-XV əsrlərdə yaşayıb yaratmış Məhəmməd ibn Məraği, Xətib Təbrizi, Əbu Məhəmməd əl-Vərəndi, Səfiəddin əl-Urməvi, Mahmud əl-Arrani, Mahmud əz-Zəncani, İzzəddin əz-Zəncani, Məhəmməd ət-Təbrizi əl-Qarabaği, İbrahim əş-Şəkəvi əl-Ərəşi, Hübeyş Tiflisi, Cəmaləddin Məhəmməd əl-Ərdəbili kimi Azərbaycan alimlərinin adlarını çəkib. Həmçinin sonrakı dövrlərdə Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov kimi ziyalı alimlərin fəaliyyətlərinin ərəb dili və dilçiliyi ilə sıx əlaqədə olduğunu vurğulayıb.
Sonda G.Həmidli müasir ərəbşünaslığın banisi Ələsgər Məmmədov və onun davamçılarının əsərləri haqqında ətraflı məlumat verib, Vasim Məmmədəliyev, Həsən Zərinəzadə, Çimnaz Mirzəzadə, Laura Orucova, Zenfira Rüstəmova və başqalarının fəaliyyətindən bəhs edib.