“Regionda birinci hədəf sülh sazişidirsə, mənə görə, ikinci hədəf üç ölkənin iştirak etdiyi platformanın yaradılmasıdır”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Doğrudur, 3+3 formatı var, amma Gürcüstan demək olar ki, burada iştirakdan yayınır. Region ölkələri regiona sahib çıxmalıdırlar”, – o əlavə edib.
BMTM sədri qeyd edib ki, regionda gərginliyin yaradılmasında Ermənistan hökumətinin də payı var: “Xarici təsirlərdə erməni diasporunun rolu çoxdur. Buna qarşı mübarizə adekvat olmalıdır. Media sahəsində də müəyyən yeniliklər olmalıdır. Azərbaycan öz resurslarını səfərbər etməli və adekvat cavab verilməlidir”.