ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə 26 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi göndərəcək. Müşahidə missiyasının rəhbəri Eoqan Mörfi bu barədə mətbuat konfransında məlumat verib.
“11 beynəlxalq ekspertdən ibarət əsas missiya artıq Bakıda fəaliyyətə başlayıb. Uzunmüddətli missiya 26, qısamüddətli 280 müşahidəçidən ibarətdir”, – Merfi bildirib. O, dəqiqləşdirib ki, uzunmüddətli missiya yanvarın 5-də ölkəyə gələcək və bütün ölkə ərazisində seçki prosesini izləyəcək.
Mörfinin sözlərinə görə, DTİHB müşahidəçiləri seçki prosesinin bu sahədə milli qanunvericiliyə və beynəlxalq standartlara, eləcə də Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğunluğunu qiymətləndirəcəklər.
Müşahidə missiyasının rəhbəri qeyd edib ki, “Seçki günü bizim ekspertlər seçki məntəqələrinin açılmasından tutmuş, respublikanın bütün bölgələrindəki seçki məntəqələrində səslərin hesablanması və nəticələrin hesablanmasına qədər bütün prosesi izləyəcəklər”. Bundan əlavə, onun sözlərinə görə, missiyanın vəzifələrindən biri də seçki prosesinin mediada və sosial şəbəkələrdə işıqlandırılmasını kəmiyyət və keyfiyyət baxımından qiymətləndirməkdir. (Tass)