Əslində, sənədi Şahramanyan imzalasa da, bu, rəsmi Bakının atdığı addımların məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının və ordusunun uğuru idi. Məsələ burasındadır ki, ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyimiz tam təmin olundu, tarixi torpaqlarımız olan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları separatçılardan tamamilə təmizləndi. Bununla da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ərazisində separatizmə son qoyuldu. S.Şahramanyan da başa düşmüşdü ki, onun “fərman”ından 8 gün əvvəl Azərbaycan Ordusu faktiki olaraq separatçı rejimin mövcudluğunu ləğv edib. Odur ki, “Qarabağ prezidenti”nin “fərman”ı Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Rəsmi Bakı bu dəfə də öz işini özü gördü.

Qondarma rejimin mövcudluğunun ləğvi həm də Ermənistanın keçmiş prezidentləri, eyni zamanda bir müddət separatçılara rəhbərlik etmiş Robert Köçəryanın, Serj Sarkisyanın da məğlub edilməsi, tarixin zibilliyinə göndərilməsi deməkdir. Onlar uzun illər Azərbaycana qarşı bir çox cinayətlər törədiblər. Təlxəkliklərindən əl çəkməyən bu iki üzdəniraq Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra da ölkəmizə qarşı revanşist bəyanatlar səsləndiriblər. Bəlkə də xülyalarla, yersiz və ədalətsiz ambisiyaları yerə-göyə sığmayan belə “siyasətçi”lər Ermənistana rəhbərlik etməsəydi, ölkələri bugünkü duruma düşməzdi. Azərbaycanla sülh müqaviləsi çoxdan imzalanar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmaz, regional əməkdaşlıq təmin olunardı. Sadalanan faktlar həm də onu sübut edir ki, qondarman rejimin “ağsaqqalları” hesab olunan Köçəryan və Sarkisyan əslində erməni xalqının da düşmənidirlər.

Dünən fərman verən separatçılar bu gün can vermək istəmirlərsə, manevr siyasətindən uzaq durmalı, məntiqli və soyuqqanlı davranmalıdırlar. Çünki bundan sonra istənilən manevr, vurnuxmaq cəhdi bumeranq effekti verəcək. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ləğvi barədə qərarın qüvvəyə minməsi İrəvanla Bakı arasında normallaşma əlaqələri və sülh sazişi üçün yeni imkanlar aça bilər.
Hə, bir də unutmasınlar ki, Azərbaycan Ordusu Ali Baş Komandanın İkinci Qrabağ müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində olduğu kimi, istənilən əmrini hər zaman yerinə yetirmək əzmində və qüdrətindədir.REPORT.