İsrail Hərbi Hava Qüvvələri İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı bir sıra hədəflərə yeni hava zərbələri endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Metula və Marqaliot bölgələrinə doğru bir sıra atışlar qeydə alınıb. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Metula ərazisinə doğru atışlara cavabdeh olan terror qruplaşmasına hücum edib”, – məlumatda deyilir.
Bundan əlavə, hərbçilər əlavə edib ki, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və İsrail ordusunun quru bölmələri Ayta əş-Şaab, Yarun yaşayış məntəqələri ərazisində Hizbullah şiə təşkilatının silahlı birləşmələrinin bir neçə hədəfinə hücum edib. “Vurulan hədəflər arasında yaylım atəşi qurğusu, hərbi obyektlər və terrorçuların infrastrukturu olub”, – deyə mətbuat xidməti bildirib. (Tass)