Yeniyetməlik və gənclik mənim həyatımın ən unudulmaz illəridir. Ən gözəl və unudulmaz xatirələrim həmin illərlə bağlıdır. 13-14 yaşım olanda Xəzərin sahilində yaxt-klub var idi, ora avar çəkməyə gedirdim. Sonra maqnitofon və lent yazılarında ispan və italyan estradasını, xüsusilə Tom Cons, Elvis Presli, Canni Merandi, Frenk Sinatra kimi musiqiçiləri dinləyəndən sonra avar çəkməyi gitaraya dəyişdim. Bu barədə atama deyəndə mənimlə heç cür razılaşmadı, çünki mənim ali təhsil almağımı istəyirdi. Evdən küsərək küçələrə, parklara üz tutdum, bütün günü gitara qoltuğumda çalıb-oxuyur, gecələri parklarda qalırdım, – deyə Xalq artisti Sərxan Sərxan AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib.
Onu Azərbaycanda estrada musiqisinə gitaranı gətirən müğənni hesab etmək olar. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin gitara sinfini, vokal üzrə Qnesinlər adına Musiqi məktəbini bitirəndən sonra Moskvada və Azərbaycanda Filarmoniyada çalışıb. Yaşıl gözlü sarışın oğlan səhnə fəaliyyətinə başladığı vaxtlardan həm öz musiqiləri, həm də xarici görünüşü ilə çoxlu pərəstişkarlar tapıb.
Estrada mahnılarının istedadlı ifaçısı söhbətinə davam edərək deyib:
-Tale elə gətirib ki, mənim əsas fəaliyyətim Moskva ilə bağlı olub. Orada əsgərlikdə olmuşam, oxumuşam, musiqi yaradıcılığına başlamışam. Yəni, mənim yaradıcılığımın əsas hissəsi sovetlər vaxtına düşüb. Yazdığım musiqilərin də çoxu rus şairlərinin şeirlərinə bəstələnib, məsələn, Yevgeni Yevtuşenkonun, Mixail Taniçin, Nikolay Rubtsovun, Onegin Hacıqasımovun şeirlərinə mahnı bəstələmişəm. Sonralar – ötən əsrin 80-ci illərində Azərbaycan dilində də mahnılar yazmağa başladım. Nəbi Xəzri, Nəriman Həsənzadə, Tofiq Bayram və s. Tədricən repertuarımda Azərbaycan şairlərinin də şeirlərindən ibarət mahnılar yarandı. Ondan sonra Bakıda, rayonlarda da konsertlər verməyə başladım.
-Sərxan müəllim, sizin Moskva ilə Bakı arasında yaşadığınızı demək olarmı?
– Əlbəttə. Əvvəllər Moskvada konsertlərim, çıxışlarım çox olurdu, indi əksinə, Bakıda dəvətlərim, konsertlər, çəkilişlər və digər işlərim daha çox olur, arada Rusiyadan dəvət alanda da ora gedirəm. Mənim həmişə arzum doğma Bakıda yaşamaq olub. Gənclik illərində fikirləşirdim ki, gedib təhsil alım, qurtarandan sonra qayıdım. Təhsilimi başa vurandan sonra dedim ki, bir az işləyim, qayıdaram. Bir az işləyəndən sonra başqa işlər meydana çıxdı, başladım onlarla məşğul olmağa, belə-belə ilişib qaldım. Vaxt da, ömür də gedir axı… Lakin nə qədər orada olsam da, Bakı üçün, burada keçirdiyim günlər, qohumlar, dostlar üçün darıxmışam. İndi şükür ki, vaxtımın çoxu Bakıda keçir.
O, öz yaradıcılıq mətbəxi barədə danışarkən deyib:
-Şübhəsiz ki, ilk növbədə, istedad olmalıdır. Hərçənd ki, mən özümü daha çox ifaçı hesab edirəm. Yazdığım mahnıları isə öz repertuarım üçün bəstələyirəm. Obrazlı çıxmasın, mən özümə bir musiqi aləti kimi baxıram və öz diapazonumu, tembrimi və səs imkanlarımı yaxşı tanıyıram. Əlbəttə, ilk növbədə, musiqi bəstələdiyim mahnının sözü məni cəlb etməlidir. Hər şey sözdən doğur. Bəziləri əvvəl musiqini yazır, sonra ona uyğun ölçüdə söz axtarır və ya şairə həmin ölçüdə mətn yazmağı sifariş verirlər. Mənə elə gəlir ki, bu, şairin imkanlarını məhdudlaşdırır. Əgər operanı götürsək, əvvəl libretto yazılır, sonra onun musiqisi. Məndə elə deyil. Söz məni tutmalı, qəlbimə yatmalı və istədiyim mənaları verməlidir. Təbii ki, sən həmişə düşünürsən, fikirləşirsən. Musiqinin doğulmağının xüsusi resepti yoxdur, o, səni hər yerdə tuta bilər. Mən hiss edəndə ki, mahnı doğulur, yaxud doğulmaq ərəfəsindədir, gəlib gitaranı götürür və ya fortepianonun arxasına keçirəm. Yaradıcılıq təkliyi, tənhalığı sevir. Mən bir dəfə məhrum Toğrul Nərimanbəyova da bu barədə dedim, o da məni təsdiq etdi.
-Royalın arxasına keçənə qədər onun yaranmağı, necə doğulmağının özü maraqlıdır…
-Musiqi alətsiz yaranır. Belə demək mümkünsə, melodiya bir sap kimidir, o, beyində yaranan kimi iynəni götürüb saplamaq lazımdır. İynə də musiqi alətidir, onun arxasına keçib beynində doğulanı orada yoxlayırsan ki, alınır, ya yox.
-Azərbaycan estradasının müasir səviyyəsi sizi qane edirmi?
-Azərbaycan estradasının çox istedadlı nümayəndələri var. İstər bəstəkar kimi, istər ifaçı kimi parlaq yaradıcılığı olanlar var. Ancaq indi onların çoxunun qazancı toylardan, şou proqramlardan çıxır. Ona görə də onlar həmin bazarın tələbatına uyğun fəaliyyət göstərməyə məcburdurlar. Təəssüf ki, buna görə də musiqinin səviyyəsi aşağı düşür. Əvvəllər Radio və Televiziya Verilişləri Komitəsində “qara siyahı” var idi, toylara gedən müğənniləri efirə buraxmırdılar. İndi tərsinədir… Bu gün toy səhnəyə gəlib. Mən heç də müğənnilərin toyda oxumasının əleyhinə deyiləm. Moskvada da müğənnilər toylara gedir, ancaq orada bizdəki kimi “üç badam, bir qoz” mahnıları meydan sulamır. Bizim toylarda vaxtın çoxu “çıqqıdıçıqqıdı” mahnılarla keçir.
-Həyat tərziniz, iş rejiminiz necədir?
– Nə vaxt yatmağımdan asılı olmayaraq, saat 6-da, 7-nin yarısında oyanmağa adət etmişəm. Hər səhər bir saata qədər idman edirəm. Düzgün qidalanmaq və çox hərəkət etməyə, piyada gəzməyə çalışıram. Dadlı yeməkləri sevirəm, amma nəfsə hakim olmaq lazımdır. Mütləq səhərlər təmiz su içmək, meyvə şirələri qəbul etməyə üstünlük verirəm. Mümkün qədər ətlə az qidalanmağa çalışıram. Sizə şahidi olduğum bir misal deyim. Almaniyada Moskva mədəniyyəti günlərində iştirak edərkən bir ay Münhen şəhərində qaldıq. Görürdüm ki, böyük bir otelin sahibəsi harasa getmək üçün taksi çağırır. O vaxt bu, mənə bir az qəribə gəldi. Amma indi fikirləşirəm: doğrudan da şəhərdə şəxsi minik maşını nəyə lazımdır? Məgər biz kafeyə gedəndə özümüzlə stul aparırıq? Kafedə əyləşməyə stul da, yeməyə qəlyanaltı da, içməyə şirə də var. Bakıda da, Moskvada da minik avtomobilimi satmışam. Şəhərdə metro da, avtobus da, taksi də var. Mən ağrımayan başıma niyə dəsmal bağlamalıyam? Bunun yağı, benzini, xarab olanda ustaya aparmağı, qaydanı pozanda cərimə ödəməyi, tıxacda qalanda əsəbilərinin pozulmağı var. Axı, bu qədər maşının havaya buraxdığı qaz, tüstü ekologiyanı korlayır, havanı zəhərləyir. İndi hər yerdə ekologiyanı qorumaqdan, yaşıl enerjidən danışırlar. Şəhərdə gör nə qədər nəqliyyat vasitəsi var? Mən sürücü deyiləm ki… Bu işlə məşğul olan var, mən də onun xidmətindən istifadə etməliyəm. Harasa yaxına gedəndə piyada gedirəm, bir az uzaq olanda ictimai nəqliyyatla gedirəm, çox uzaq olanda taksi xidmətlərindən istifadə edirəm.
Məndən olsa, iaşə xidməti də bu cür olmalıdır. Hər məhəllənin, hər küçənin yeməkxanası, kafesi olmalıdır və gedib orada nahar etmək lazımdır. Gör bizim dükan-bazara, marketə getməyə, orada seçim aparmağa, evdə yemək hazırlamağa, yeyəndən sonra boşqabları yumağa nə qədər vaxtımız gedir. Belə şeylərə vaxt sərf etmək səni öz işindən, öz yaradıcılıq sahəndən ayırır axı.
-Yeni konsertə hazırlaşırsınızmı?
-Sonuncu konsertim ötən ilin oktyabrında Opera studiyasında olub. Yanvarın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında yeni konsertim olacaq. Həmin teatrın səhnəsi çox xoşuma gəlir. İndi həmin konsertə hazırlaşıram.