Şiddətli qar fırtınası Kişinyov hakimiyyətini dövlət müəssisələrinin işini dayandırmağa və məktəblərin tətilini yanvarın 11-dək uzatmağa məcbur edib. Şəhərin meri İvan Çeban bildirib ki, bu qərarı şəhərin Fövqəladə Hallar Komissiyası təsdiqləyib.
“Kişinyovda təhsil müəssisələrinin, məktəblərin və uşaq bağçalarının fəaliyyəti iki gün müddətinə dayandırılıb. Dövlət müəssisələrinin də fəaliyyəti dayandırılıb. İstisna qarın və buzun təmizlənməsi ilə məşğul olan, səhiyyə sahəsində çalışan və insanlara yardım göstərən müəssisələrdir”, mer öz Telegram kanalında bildirib. Həmçinin yerli vaxtla saat 16:00-a qədər ( Bakı vaxtı ilə 18:00) şəhərdə ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması qərara alınıb.
Meteoroloqların məlumatına görə, respublika qar siklonunun təsir zonasında olub. Bununla əlaqədar yanvarın 7-dən 10-dək Moldovada narıncı təhlükə kodu qüvvədədir. Yanvarın 8-də səhər saatlarında ölkənin fövqəladə hallar xidməti 7 rayonda 57 yaşayış məntəqəsinin qismən işıqsız qaldığını bildirib. Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin digər şəhərlərində də məktəblilərin tətili uzadılıb. (Tass)