Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Qətər hakimiyyəti ilə məsləhətləşib. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin müşavirlərindən biri olan Makqurk yanvarın 9-da Dohada Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüb və girovların azad edilməsi üçün səyləri müzakirə edib. Portal qeyd edib ki, yüksək rütbəli amerikalı məmurun səfəri gizli saxlanılıb. Ağ Ev və Qətərin Vaşinqtondakı səfirili görüşlə bağlı portalın məlumat tələblərinə cavab verməyib.
Portalın məlumatına görə, girovların azad edilməsi ilə bağlı müzakirələr bu həftə Fələstinin HƏMAS hərəkatı Siyasi Büro rəhbərinin müavini Saleh əl-Arurinin qətlinə görə onları dayandırmaq qərarına gəldikdən sonra yenidən başlayıb. (Tass)