Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir.
Azərbaycan Skautlar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləməkdir.
Layihənin “ASA-MTP010-TL24-2” nömrəli təməl liderlik təlimi Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində baş tutacaq.
Martın 21-25-də Quba rayonunda keçirilməsi planlaşdırılan təməl liderlik təlimində ölkəmizin ümumtəhsil məktəblərində fəaliyyət göstərən, dəstə lideri olmaq istəyən 30 müəllim və təhsil işçiləri iştirak haqqı qazanacaqlar.
Yaşı 25-dən yuxarı olan hər bir müəllim ASA-nın saytına daxil olaraq MTP/Təməl Liderlik Məktəbinə qatılmaq üçün qeydiyyatdan keçə bilər.
Qeydiyyatdan keçən və skaut lideri olmağa uyğun gələn şəxslər müsahibə mərhələsinə dəvət olunacaqlar.