Silahlı şiə milislərinin İraqdakı Amerika hərbi bazalarına hücumları hər iki tərəf tərəfindən dayandırılmalıdır. Bu şərhi İraqın xarici işlər naziri Fuad Hüseyn Əl Hadath telekanalına verib.
O, son hadisələrin “[şiə qrupları tərəfindən] həm hücumlar, həm də [Amerika qüvvələri tərəfindən] əks-hücumlar olduğu üçün qəbuledilməz olduğunu” deyib. “Hücumlar hər iki tərəf tərəfindən dayandırılmalıdır” deyən Hüseyn İraq hökumətinin “sakitliyə sadiq olduğunu” vurğulayıb.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədən mümkün çıxarılması ilə bağlı vəziyyəti şərh edən XİN rəhbəri vurğulayıb ki, “Amerika qoşunlarının mövcudluğuna ehtiyac İraq tərəfindən müəyyən edilir”. Eyni zamanda o, Bağdadın “Vaşinqtonla münasibətlərə xaos gətirmək istəmədiyini” göstərib. “Amerika qoşunlarının İraqdan çıxarılması ilə bağlı danışıqlara başlamazdan əvvəl daxili şərait yaratmaq lazımdır və bu danışıqlar nəticəsində qoşunların çıxarılması və ya geri çəkilməsi qrafiki ilə bağlı qərar veriləcək”, – deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, belə “danışıqlar əvvəllər də aparılıb”. “Bir neçə ay əvvəl Vaşinqtonda hərbi və təhlükəsizlik qüvvələrinin nümayəndə heyəti var idi. Vaşinqtonla danışıqlar prosesi dayandı, lakin dialoq davam edir”, – deyən Hüseyn danışıqların yeni raundunun başlama tarixinin tezliklə açıqlanacağını qeyd edib.
ABŞ ordusunun sözçüsü Patrik Rayder çərşənbə axşamı bildirib ki, 2023-cü il oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ qüvvələri 127 hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-ın İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına hücum olub. (Tass)