Politoloq İlqar Vəlizadə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün eksklavların Azərbaycana qaytarılmasını ən vacib məsələlərdən hesab edir.
Ekspert “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması üçün bu, şərtdir: “Nə qədər ki bir santimetr ərazi işğal altındadır, biz rahat ola bilmərik. Səy göstərməliyik ki, bütün ərazilər Azərbaycana qaytarılsın. Prezident İlham Əliyev son çıxışında bunu açıq şəkildə dedi”.
İ.Vəlizadə terminologiyanın yanlış istifadə edilməsi məsələsinə də diqqət çəkib:
“Sözügedən əraziləri bəzən anklav kimi təqdim edirlər, ancaq Azərbaycan üçün onlar eksklavlar sayılırlar. Çünki kəndlər Azərbaycana məxsusdur, ancaq başqa bir dövlətin ərazisi əhatə olunub. Belə olduqda, ərazi məxsus olduğu dövlətə münasibətdə eksklav hesab olunur. Ermənistan üçün isə anklavlar sayılır”.
Müsahib eksklavların vacib strateji əhəmiyyətə malik olmasından da söz açıb və qeyd edib ki, onlar müəyyən dərəcədə nəqliyyat qovşağı rolunu oynayırlar:
“Qazax rayonunun kəndləri vacib strateji kommunikasiya xətləri üzərində və üç ölkənin – Azərbaycan, Gürcüstan və Ermənistanın yaxınlığında yerləşirlər. Gələcəkdə sülh bərqərar olunsa, kommunikasiyalar işə salınsa, eksklavlar çox vacib ticarət qovşağına çevrilə bilər. Çünki üç ölkəni birləşdirən ərazilərin üzərində gələcəkdə azad ticarət zonaları fəaliyyət göstərə bilər”.
Siyasi şərhçi bunun təkcə Qazax rayonuna yox, eyni zamanda Azərbaycanın şimal-qərb hissəsinin inkişafına böyük təsir göstərəcəyini vurğulayıb:
“Həmçinin regional inkişafa təkan verəcək. Biz gələcəkdə Ermənistan və Gürcüstanla azad ticarət apara bilərik. Hətta prosesə regiondan kənar oyunçular da qoşula bilər. Ona görə ekslavların qaytarılması vacib şərtdir”.
İqtisadiyyat üzrə fəlsəfə doktoru olan İ.Vəlizadə Kərkinin iqtisadi potensialından da bəhs edib. O diqqətə çatdırıb ki, Kərki də vacib regional nəqliyyat qovşağı qismində fəaliyyət göstərə bilər və orada azad ticarət zonası yaratmaq mümkündür:
“Kərki kəndi də eksklav sayılır. Bilavasitə Zəngəzur dəhlizinin yanında yerləşən kənddir. Azərbaycana və Ermənistana, eyni zamanda Türkiyəyə də yaxındır, İrandan da çox uzaqda deyil. Dörd ölkə arasında ticarət münasibətləri qura bilər. Eksklavlar Azərbaycana qaytarılsa, bu dediklərim real görünür, dünya təcrübəsində də bu tipli ərazilər, adətən, əməkdaşlıq zonaları sayılır. Bu şərtlə ki, münasibət digər ölkələrlə sivil qaydalar əsasında qurulur. Əgər onlar yanaşma və şüurlarında dəyişiklik etsələr, bu, Ermənistan üçün də perpektiv açar”.